"Keşlə"nin müdafiəçisi Franko Flores Premyer Liqanın X turunun "Səbail"lə səfər oyunundan (0:0) sonra jurnalistl'rin suallarını cavablandırıb. Rekord.az xəbər verir ki argentinalı futbolçu əvvəlcə heç-heçəni şərh edib.

 

 

- Hava şəraiti hər iki komandaya mane oldu. Oyun elə idi ki, heç bir tərəfin qol imkanı olmadı. Bir xal qazandıq. Əslində isə meydana qələbə üçün çıxmışdıq. "Səbail"lə xal fərqini artırmaq istəyirdik. Nəticəni normal sayıram.

- Oyun ərzində topu hara gəldi vururduz və bu da baş məşqçinizi çox əsəbləşdirirdi...

- Düşünürəm ki, bu, normaldır. Çünki külək oynamağa imkan vermirdi. Belə oyunda bir xal qazanmaq hər zaman vacibdir. Məşqçi kənarda qışqırsa da, oyundan sonra dedi ki, hər şey yaxşıdır, əsas odur, uduzmadıq.

- Komandanız 10 turdan sonra 3-cü pillədə qərarlaşıb. Azərbaycana gələndə yuxarı yerlər uğrunda oynayacağınızı gözləyirdiz?

- Ümumiyyətlə, bura gələndə nə baş verəcəyini bilmirdim. Çünki komandamız əvvəlki mövsümdə sonuncu yeri tutmuşdu. Ancaq futbolçularla tanış olduqdan sonra gördüm ki, yaxşı kollektivimiz var. Bundan sonra isə yuxarı pillələr uğrunda mübarizə apara biləcəyimizi düşündüm. Klubda hər kəs ancaq yaxşı nəticələr haqda düşünür. Düşünürəm ki, biz bacaracağıq.

- Növbəti turda "Neftçi" ilə qarşılaşacaqsız. Sizcə, güclü rəqibi məğlub edə biləcəksiz?

- Əlbəttə, hər şey mümkündür. Bir qədər dincəlməliyik. Hər şey yaxşıdır. "Neftçi" ilə ilk oyunda qolsuz heç-heçə etmişdik. Hər iki komandanın qol şansları olmuşdu. Qarşıda bir həftəmiz var. Bundan yaxşıca istifadə edib, matça ciddi hazırlaşmaq lazımdır.

- Kiprdə, "Alki"də çıxış edərkən, APOEL-ə qarşı, Azərbaycanda isə "Qarabağ"a qarşı oynamısız. Ağdam klubu gələn həftə səfərdə Nikosiya təmsilçisi ilə qarşılaşacaq. Sizcə, hansı komanda daha güclüdür?

- Nəsə demək çox çətindir. Necə ki, Azərbaycanda "Qarabağ" ən güclü komandadır, Kiprdə də APOEL elədir. İstənilən komanda qalib gələ bilər. Heç-heçə də qeydə alına bilər. Ona görə də proqnoz verə bilmərəm.