“Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 5-ci turu çərçivəsində səfərdə “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 2:0 hesablı qələbə barədə bunları söyləyib:


“Futbolçulara təşəkkür edirəm. Bundan əvvəlki iki matçda göstərdiyimiz yaxşı oyunun daha da üstünə qoyaraq meydanda qələbə qazanmaq istəyən komanda görürük. Bu da səbəbsiz deyil. Yaxşı bilirsiniz ki, “Neftçi” böyük komandadır. Rəqibindən asılı olmayaraq, heç-heçə belə, “ağ-qaralar” üçün uğursuz nəticə sayılır. Hətta yenidən qurulmuş komanda olsaq belə. Bu reallıqdır ki, yenidən qurulmuş komandanın oyunu birdən-birə alınmır. Bununla belə, son matçlarda göstədiyimiz gözəl oyun səbəbsiz deyil. Hər xal itkisindən sonra təzyiqlər olur ki, bunu futbolçular da görür. Amma onları bu vəziyyətdən çıxarmaq, hər növbəti oyunda qələbəyə kökləmək təkcə mənim bacarığım deyil, bunun arxasında ilk gündən bizim rəhbərlik durur. Uğursuz nəticələrə baxmayaraq, klub rəhbərliyi ilk gündən mənim arxamdadır. İndiyədək belə bir şey görməmişəm. Ona görə də bu haqda ətragflı danışmaq istəyirəm. Klub rəhbərliyi bizim arxamızda çox durub və qələbə qazanmağımız üçün hər nə lazımdırsa, artıqlaması ilə edirlər. Bizi ayaqda saxlayan, bu cür oynamağımıza təkan verən məhz bizim rəhbərlikdir. Öz adımdan, komandamızın üzvləri adından bu qələbəni bizim rəhbərliyə həsr edirəm. İnanırıq ki, bu qələbə yeni zəfərlərə bir təkan olar.


Mübahisəli penalti epizoduna gəlincə, deyə bilmərik ki, sırf bizə qarşı qərəzlik var. Amma bir komandaya qarşı bu cür məqamlar artıq neçə oyundur olursa, adamın özündə də şübhə yaradır. Məncə də penalti olmalı idi. Amma "Neftçi" olduğuna görə bir çoxu deyəcək ki, penalti yox idi. Bəlkə də hər oyunda oyunun nəticəsinə təsir edən epizodumuz var. Diqqətli olmaq lazımdır. Ola bilərdi ki, penalti zərbəsinə ehtiyacımız olardı. Bu cür halda səs qaldıra bilərdik. İndi, bəlkə, qələbə qazandığımıza görə sakitik. Komanda adından xahiş edirəm ki, diqqətli olsunlar”.