“İnanıram ki, sabah maraqlı və sürətli oyun olacaq” - Ayxan Abbasov
- 21:00
- 33
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Macarıstanın Sombatxey şəhərində Malta yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunundan öncə fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, mütəxəssis Millətlər Liqasına hazırlıq xarakteri daşıyan bu toplanışın əhəmiyyətindən danışıb və qarşıdakı matçlarda həm bütün oyunçuları sınaqdan keçirmək, həm də qələbə qazanmaq istədiklərini vurğulayıb:
“Bu, Millətlər Liqasından əvvəlki son toplanışımızdır. Ağır mövsümün ardından futbolçuların belə istəkli, inamlı olmaları bizi sevindirdi. Burada iki yoldaşlıq görüşü keçirəcəyik. Bütün futbolçuları iş başında görmək niyyətindəyik. Qarşıdakı görüşlərdə həm yaxşı oyun, həm də uğurlu nəticə görmək istəyirik. Həm Bakıdakı, həm də buradakı məşqlər bu baxımdan bizə inam verdi. Yoldaşlıq görüşü olsa da, hər iki qarşılaşmada qalib gəlməyə çalışacağıq. İnanıram ki, sabah maraqlı və sürətli oyun olacaq”.