Mil-Muğan regionuna daxil olan U-15 və U-17 yaşlı idmançılar arasında İmişli rayon Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə zona birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan Dövlət himninin səslənməsi ilə başlanan yarışda, Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Qiyasov və digər çıxışçılar ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu, Azərbaycan idmanı hər zaman dövlət rəhbərimizin yüksək diqqət və qayğısı ilə əhatə olunduğunu, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi idman siyasəti bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd edib və bütün yarış iştirakçılarına uğurlar arzulayıb.

Yarışın keçirilməsində məqsəd respublikada sərbəst güləş idman növünün inkişaf etdirilməsi, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsində idmanın rolunun artırılması, həmçinin idmançılarımızın ustalıqlarının təkmilləşdirilməsi, idman məktəblərinin fəaliyyətinə baxış keçirilməsi və Olimpiya İdman Komplekslərində işlərin genişləndirilməsindən ibarətdir.

Yarışa ümumilikdə 4 rayondan (Sabirabad, Saatlı, İmişli və Beyləqan)120 nəfərdən artıq idmançı qatılmış və hər çəki dərəcəsində I, II və III yerləri tutan güləşçilər Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunub.

Yarışın sonunda idmançılarla birlikdə xatirə fotosu çəkilib.