İki güləşçimiz üçün dünya çempionatında bürünc medal şansı
- 2024-09-03 21:40
- 197
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq-da yer alan yunan-Roma güləşçiləri xalçaya çıxıb.
Tural Əhmədov (60 kq) ispaniyalı David Sançesə 4:3 hesabıyla qalib gələrək 1/8 finala yüksəlsə də, bu mərhələdə iranlı Mohammadmehdi Qulampura məğlub olub – 1:5. Rəqibin finala yüksəlməsi Tural üçün üçüncü yeri tutmaq şansı verib. Ancaq Əhmədov bunun üçün sabah əvvəlcə təsəlliverici görüşdə polşalı Dominik Partikaya qalib gəlməlidir.
Təvəkgül Həziyev (67 kq) debütdə qırğızıstanlı Bayaman Kərimov üzərində qazandığı inamlı qələbənin (10:0) davamını gətirə bilməyib və 1/8 finalda yaponiyalı Kojiro Hasegavaya uduzub – 3:7.
Ruslan Nurullayev (72 kq) ilk mərhələdə moldovalı Vasile Zabikaya tam üstünlüklə (9:1) qalib gəlib. Həmyerlimiz daha sonra hindistanlı Akaş Puniaya (5:3) gücünü göstərib. 1/4 finalda xorvatiyalı Luka İvançiçə də heç bir şans tanımayan (8:0) Nurullayev yarımfinalda ermənistanlı Aşot Xaçatryana məğlub olub – 1:4. Ruslan sabah bürünc medal uğrunda görüşə çıxacaq. Rəqib Qunhi Li (Koreya), Rokas Çepauskas (Litva) və ya Venhao Hu (Çin) olacaq.
İsmayıl Rzayev (82 kq) iranlı Mohammad Arjmanddaştakiyə tam üstünlüklə (13:4) qalib gəlsə də, 1/4 finalda rusiyalı Abduraxman Abdulkadırovla bacarmayıb – 0:11.
Mikayıl İsmayılov (97 kq) meksikalı Dorian Olquini 5:2 hesablı qələbəylə mübarizədən kənarlaşdırıb. Ancaq 1/8 finalda iranlı Hamidreza Keştkar keçilməz olub – 0:7.