Gəncə şəhərinin icra başçısı Niyazi Bayramov Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyevlə “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadirini qəbul edib. Görüşdə millət vəkili Müşfiq Cəfərov, başçının birinci müavini Səməd Tomuyev, şəhərin Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov da iştirak edib.

Maraqlıdı, tərəflər nəyi müzakirə edi? Başçı kluba dəstək məqsədilə hansısa addım atacaq? Suallarımızı “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiriyə ünvanladıq.

Rekord.az xəbər verir ki, onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
 

“Şəhər icra başçısı ilə nəzərdə tutulan görüş var idi. Futbolun İnkişaf Fondunun icraçı direktoru başçıya “Kapaz 100k” layihəsini təqdim etdi. Bundan sonra Niyazi Bayramova klubun fəaliyyəti ilə bağlı məlumatlar verildi. Gələcək strategiya, klubun idarə olunması və başqa məsələlər ətrafında müzakirələr aparıldı. Onu da bildirim ki, kluba dəstək məqsədiylə FİF, şəhər İcra Hakimiyyəti, gəncəli iş adamları, müəssisə, təşkilat rəhbərlərinin iştirakı ilə Gəncədə tədbir planlaşdırılır. Bununla bağlı da söhbət etdik. İnanırıq ki, qısa zamanda bu da baş tutacaq. Tədbirin məqsədi isə kluba maddi dəstək olmaqla yanaşı, şəhər ictimaiyyətinin, iş adamlarının fəaliyyətimizlə bağlı məlumatlandırılması idi. Uzun müddət davam edən fasilədən sonra böyük futbol Gəncəyə tarixi derbi ilə döndü. Bu məsələdə kluba kömək edən əsas insanlardan biri də icra başçısı oldu. Bununla bağlı da ona təşəkkür etdik. Niyazi müəllim məzuniyyətdə olduğu üçün derbini stadiondan izləyə bilməmişdi. Onu növbəti oyuna dəvət etdik. Az öncə qeyd etdiyim tədbirdən əldə olunacaq maliyyə dəstəyini əsasən infrastruktura yox, klubun inkişafı üçün sərf etməyi düşünürük. Stadionumuz Gənclər və İdman Nazirliyinin balansındadı. Görüş zamanı başçının diqqətinə çatdırdıq ki, həm Gəncəyə, həm də klubumuzun tarixinə, azarkeşlərinə yaraşan stadionun tikilməsi arzuolunandı”.