Azərbaycan çempionatının I Divizionu çərçivəsində dünən keçirilən "Səbail-2" - "Sumqayıt-2" matçında maraqlı olay yaşanıb.

 

Rekord.az xəbər verir ki, matçın gedişi zamanı baş hakim Elvin Bayramovla köməkçiləri arasında bir neçə dəfə anlaşılmazlq yaşanıb.

 

İkinci hissənin ortalarında yaşanan bir epizod isə hakimliklə bağlı növbəti biabırçılığı üzə çıxardı. Yox, problem hakim idarəçiliyi ilə bağlı deyil. Texniki problem olduğundan biabırçılıq birbaşa AFFA ilə bağlı sayılmalıdır. Belə ki, yan xətt hakimləri zaman-zaman baş hakimlə qulaqcıq vasitəsi ilə əlaqəyə keçsələr də, hiss olunurdu ki, qulaqcıqlarda ciddi problemlər var. Çünki baş hakim ya köməkçisindən gələn informasiyanı eşitmirdi, ya da çox gec eşidirdi. "Sumqayıt"ın hücumlarının birində isə yan xətt hakii Vüqar Bayramov oyundankənar vəziyyət qeydə alaraq, bayrağın qaldırdı. Lakin baş hakim laysmanın qulaqcıqla göndərdiyi siqnalı eşitmədiyi üçün oyuna davam etdi. Bu zaman Vüqar Bayramov  "Elvin, ofsayd, Elvin, Elvin" deyə qışqıraraq baş hakimə səsləndi. Nəhayət səs gələn tərəfə dönən Bayramov fit verib oyundankənar vəziyyəti qeydə aldı. Bu zaman Bayramovun qulaqcığa işarə edərək baş hakimə "görürsən ki, işləmir, tez-tez dön bax da" deməsi diqqətimizdən qaçmadı.

Əslində, bir dəfə də bu haqda yazmışdıq. Yazmışdıq ki, Hakimlər Komitəsinin avstriyalı sədri Ştuxlikin Avstriyadan sifariş verdiyi qulaqcıqların çoxu zay çıxıb. Dünən şahidi olduğumuz hadisə də bu məlumatın doğruluğunu sübut etdi. Ara yerdə yenə külli miqdarda vəsait havaya sovrulub...