UEFA Millətlər Liqası öz axarında davam edir. Amma Azərbaycan olmadan.

Rekord.az xəbər verir ki, Millətlər Liqasında olduğu kimi, bu dəfə də milli komandamız turniri çox erkən başa vurdu. Birinci Millətlər Liqasında liderlik ümidləri son turda başa çatmışdısa, bu dəfə son turda sonuncu yer olmaq qorxusundan yaxa qurtardıq.

De Byazinin yetirmələri ilk sınağından üzüağ çıxmağı bacarmadı. İtalyan mütəxəssisin rəhbərliyi altında Azərbaycan millisi qazandığı 6 xalla qrup mərhələsini 3-cü yerdə başa vurdu.

Məhz belə məqamda təbii olaraq suallar yaranır ki, məşhur mutəxəssis bunun üçünmü millinin sükanı arxasına gətirilmişdi? Və ya dişimizə görə olan rəqiblərin olduğu qrupda elə öz yerli məşqçilərimiz də bu xalı yığa bilməzdimi?

Ümumiyyətlə, De Byazili milli gələcəkdə nə vəd edir? Sportinfo.az-ın bu suallarını idman mətbuatının tanınmış simaları belə cavablandırıb.

Amal Abışov (Sport7.az): "Canni De Byazidən xüsusi heç nə gözləmirdim. Zaman-zaman bu barədə fikirlərimi də ifadə etmişdim. Məgər, Berti Foqtsla Robert Prosineçki italyandan zəif məşqçi idi? Problem məşqçilərdə deyil, AFFA-nın futbola yanaşmasındadı. Bu yanaşma dəyişməyincə heç bir gözləntim yoxdu. Nəticələr bundan bir az yaxşı ola da bilər, pis də. Amma aşağı-yuxarı Azərbaycan futbolunun səviyyəsi budu. Boş yerə əcnəbiləri bəsləməklə deyil. AFFA futbolun inkişafına cavabdeh olan futbol qurumundan çox biznes təşkilatı, menecerlər birliyinə oxşayır. Hərə öz məşqçisini milliyə gətirir, faizini götürür. Bundan sonra da belə davam edəcək".

Kənan Məstəliyev (Rekord.az): "Millinin budəfəki Millətlər Liqasındakı çıxışı haqda xoş fikirlər bildirmək olmur. Canni De Byazi yığmanın başına gətiriləndə ondan daha məzmunlu, daha böyük ümid verən oyun oynadacağını gözləyirdim. Amma görünən odu ki, bəzi matçlarda nəinki məzmun, heç məntiq belə tapmaq mümkün deyil. Sloveniya ilə yoxlama görüşü də daxil olmaqla son 4 matçda bütün oyunları 0:0 oynamışıq. Milli rəsmən qol vurmağı unudub, hətta yadırğayıb da demək olar. Dünən rəqib qapısına çərçivəyə cəmi bir zərbə endirmişik! Bir zərbə! Lüksemburqun qapısına. Almaniyanın yox, Serbiyanın yox, Braziliyanın yox, Lüksemburqun! Heç bir futbol tarixi olmayan, ərazisinə görə heç Kəlbəcərin yarısı boyda olmayan bir həvəskar futbol ölkəsinin! Rəzalətdi. Kimsə “əvəzində qol da buraxmırıq” fikrinə düşərsə, tələsməsin. Bu oyunlarda qapımızın toxunulmazlığı belə demək olarsa, möcüzə hesabına saxlamışıq. Lüksemburqla matçda isə Şahruddinə minnətdar olmalıyıq ki, bizi böyük biabırçılıqlardan qurtardı. Hələ nəzərə almaq lazımdı ki, biz dünən meydana nə az, nə çox, düz 6 müdafiəçiylə çıxmışdıq. Bunun əvəzində rəqib qapımıza 16 zərbə endirdi, bir də penalti qaçırdı. Bunun harası qapını qorumaq oldu? Müdafiə futbolu oynatmaq yaxşı fikirdi, amma bu heyəti müdafiəçilərlə doldurmaqla olmur. Xatırlayın, Bakıdakı Lüksemburq matçında qol ümidimiz az qala Bədavi Hüseynov idi. Adam həyatı boyu bir matçda hücuma bu qədər qoşulmamışdı. Kiprdə qolumuzu isə Maksim Medvedyev vurdu. Oturub gözləyək ki, nə vaxt müdafiəçilərimiz qol vurmaqda hücumlarımızı üstələyəcək, sonra qələbələrə ümid edək? De Byazi çox məntiqsiz qərarlar qəbul edir. Formada olmayan, az qala yarım il ayağına top dəyməyən Araz Abdullayevi yuxarıdan tapşırıqla heyətə salıb Türkiyənin aşağı dəstə təmsilçisi “Boluspor”a transferinə şərait yaratması da bir ayrı söhbətin mövzusudu. Əvəzində klubunda əsas heyətdə top qovanların bəzilərinin millidə ehtiyatda qalması faktlarına da rast gəldik. Belə məqamlar, suallar çoxdu və izahı üçün yetərincə vaxt lazımdı. Yeganə müsbət məqam italiyalı mütəxəssisin gənclərə, yeni simalara millinin heyətində yer verməsi oldu. Bir çox adlar geniş ictimaiyyətə tanındı, perspektivi üçün imkan yarandı. Ona da ki, italyan yəqin məcbur oldu, çünki başqa çıxış yolu da yox idi.

Elsəvər Məmmədov (Qafqazinfo): "Ümumiyyətlə, komanda olaraq qiymət vermək haqqında düşünmürəm. Açığı, De Byazinin nə etmək istədiyi hələ ki, aydın deyil. Meydana buraxdığı heyətləri eksperiment saymaq olar. Məşqçi kimi nəyə qadir olduğunu rəsmi matçlarda görəcəyik. Fakt indi görsənən ciddi bir şey yoxdur. Yəni De Byazi Alban millisində də uzun 3-4 ildən sonra uğur qazandı. Güvənmək və vaxt vermək normaldır. Sadəcə AFFA-nın hər zamankı kimi normal olmayan işi göz önündədir. İldən-ilə səviyyəsi aşağl düşən çempionat, rəqabətsiz liqa futbolçuların da keyfiyyətini aşağı salır. Onsuz da oyunçular bilir ki, normal məşq eləməsə də, aşağı səviyyəli fizika ilə də oynayacaq liqada. Bu da birbaşa milli komandaya təsir edir. Canni De Byazinin əlində Albaniya millisində olarkən çox yüksək səviyyəli oyunçular var idi. 6 müdafiəçi də meydana buraxsa, işinin öhdəsindən oyunçular gəlirdi. Amma Azərbaycanda çətin ki, o istədiyinu edə bilsin. Fakt olaraq bugünkü vəziyyətin səbəbkarı AFFA-dır. Məçqçidə heç bir günah görmürəm. O əlindəku materiala görə davranır".

Sənan Abdullayev (Xəzər TV): "Hər kəs kimi mən də mövsümün əvvəlindən yerli məşqçi tərəfdarı idim. Çünki çempionat normal keçirilmirdi, üstəlik sonrakı dönəm necə olacaq bilinmirdi. Bəlli məsələ idi ki, yığmanın da işi asan olmayacaq. Bu qədər müddətdə həm pulumuza qənaət edər, həm də bir məşqçi qazanmış olardıq. Əvəzində nə oldu? De Byazi gətirildi. Bəli, ehtimal olunan əcnəbilər arasında ən uğurlu seçim idi. Ancaq xarici ilə yerli arasında bu fərqi də meydanda görməliydik axı. Nə gördük? Birinci oyundan milli komanda uzunmüddətdi oynamayan, Azərbaycan futbolunun xərçəng xəstəliklərindən olan Araz Abdullayevin piştaxtası oldu. Lüksemburqla oyundan qabaq De Byazi də "mən bundan zəif komanda ilə Avropa çempionatına vəsiqə qazanmışam" deməklə də ən son dəstək sözlərini işlətdi ki, bəlkə bir işə yarayar və xeyrini də görmədi. Bizim problemimiz onsuz da müdafiə olunmaq deyildi ki. Qol vura bilmirik. Üstəlik, son vaxtlar az qala çərçivəyə zərbə də vurmuruq. Məgər Ayxan Abbasov, Aftandil Hacıyev, Samir Abasov, elə Şahin Diniyevin özü də olsaydı ən pis halda belə olmayacaqdı? Kim qarant dura bilər ki, seçmə mərhələdə daha yaxşı olacaq? Həmin AFFA Qurban Qurbanovla 6 illik müqavilə ilə aldadıb bütün ələbaxanları ilə birləşib Avropa "torbası tikdilər". Halbuki həmin vaxtı bizim kimi bütün ölkələr həyatlarında olan bəlkə də yeganə şans üçün ölüm-dirim müharibəsinə çıxırdılar. Sonda da o yığma yalnız Kosovodan geri qaldı. Özünə hörmət edən adam kimi Qurbanov da 9 xalla istefa verdi. Bəs indi niyə tələb edən yoxdu? Yəni dəyirman öz işindədi".