
“Heç kim “Karvan-Yevlax”a 3 xal gözü ilə baxmasın” - Azər Həşimov
- 27 Sen 2025 21:42
- 47
“Karvan-Yevlax"ın baş məşqçisi Azər Həşimov Premyer Liqanın 6-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüş.
Rekord.az xəbər verir ki, o, qolsuz heç-heçəni belə şərh edib:
“Bu gün anım günüdür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Oyuna gəldikdə, "Neftçi"nin gücü hamıya bəllidir. "Sumqayıt"la oyunlarını təhlil etmişdik. Fərdi keyfiyyəti yüksək oyunçuları var. Onların qarşısını almağa çalışdıq. Müdafiədən oynayıb, əks-hücumlar qurmağı planlaşdırmışdıq. Futbolçularımız əzmkar mübarizə apardı. Ən azından 1 xal qazanmaq istəyirdik. Bunu da etdik. Futbolçularımı təbrik edirəm. "Neftçi"yə uğurlar arzulayıram.
Üç oyundur ki, birinci hissədə standart vəziyyətlərdən qol buraxırdıq. Bu həftə həmin səhvlərin üzərində çalışdıq. "İmişli"yə uduzduqdan sonra futbolçularla söhbətləşdik. Biz ardıcıl 2 oyunda 4 xal qazanmışdıq. "Qarabağ"a 0:2 uduzsaq da, futbolçular yaxşı oynamışdı. Zədəlilərimiz də var. Çalışdıq ki, onların yerini dolduraq. Komandanı silkələdik ki, toparlanmaq lazımdır. Heç kim "Karvan-Yevlax"a 3 xal gözü ilə baxmasın”.