Premyer Liqaya ən çox "Karvan"ın gəlməsini istəyirdim. Maraqlı klubdu, bir vaxtlar iddialı olub, yaxşı stadonu, bazası, azarkeşi var, Yevlax özü də sovet vaxtından futbol rayonu olub, buranın "Avtomobilçi" komandası ölkə çempionatında mütəmaddi çıxış edib. Klubun mətbuat katibi Bəhruz Musayevi də hər zaman görəndə deyirdim ki, sizi gözləyirəm Premyer Liqada. "Karvan" Premyer Liqaya gəldi. Amma...



Etiraf edim ki, mövsümün əvvəlində "İmişli" mənə daha qeyri-peşəkar klub kimi gəlsə də, yavaş-yavaş "Karvan" "İmişli"ni geridə qoymaqdadır. Bu klub haqqında ümidlərim puç olmuş kimidir. Başlayaq elə meydançadan. Hələ yanvardan bilinirdi ki, Premyer Liqaya gələcək klublardan biri böyük ölçüdə “Karvan” olacaq. Həm turnir cədvəlindəki   mövqeyindən bəlli idi, həm də etiraf edək ki, müəyyən siqnallara əsasən qışdan təxmin olunurdu ki, elitaya kimlər gələcək. Qışı da qırağa qoysaq, apreldən hər şey 90 faiz məlum idi. “Karvan” o vaxtdan stadion məsələsinin üstünə düşsəydi, mövsümün startına kimi işləri bitirərdi, heç Şamaxı stadionuna da möhtac olmazdı, o qədər xal itirməzdi.



İkinci məsələ, süni örtüklə bağlıdır. Tanyanlar bilir ki, süni örtük, buna üstünlük verənlər gözümün düşmənidir. Çünki bu tip örtüklə onsuz da olmayan futbolçuzu məhv edir. Adətən əziyyətdən qaçanlar süni örtüyə üstünlük verir. Can rahatlığı üçün. Təəssüf ki. “Karvan” da bu yolu seçdi. Baş məşqçi məsələsi bir başqa aləm oldu. Yuxarıda da qeyd etdim ki, “Karvan”ın Premyer Liqaya gəlişi aylar öncədən bilinirdi. Bunu Kənan Kərimov da gözəl bilirdi. Bir kateqoriya almaq bu qədərmi çətin idi? Hər kəs bilir ki, Azər Həşimov sırf kateqoriya söhbətinə görə baş məşqçi təyin olundu. Demirəm ki, Azər pis məşqçidir, “Karvan”da onu sayan yox idi. Xeyr. Amma hamımız gözəl bilirik ki, əsas vacib qərarları yenə Kənan Kərimov verirdi. Futbol,u seçimi, heyət seçimi, hətta iddialara görə əvəzləmələrdə də Kərimovun müdaxiləsi var idi. Adam kağız üzərində vitse-prezident olsa da, faktiki həm də baş məşqçi səlahiyyətlərini də icra edirdi. Özün elə vaxtında bu kateqoriyanı alardın, bu gün də özün baş məşqçi kimi komandanı oyuna çıxardardın.



Füzuli Məmmədov söhbəti isə lap gülməli oldu. Azər Həşimov rəsmən istefaya göndərilməyib, klubdan bununla bağlı heç bir rəsmi açıqlama verilməyib. Eyni zamanda Füzuli Məmmədovun təyinatı da rəsmən açıqlanmayıb. Rəsmən baş məşqçi olmayan  biri komandanı məşqə, oyuna çıxardır, adı rəsmən  baş məşqçi olan şəxs isə oyunlara evdən baxır. Dünyanın heç bir yerində belə mənzərəyə rast gəlmərsən. Ən çox maraq doğuran da odur ki, Füzuli Məmmədov rəsmən baş məşqçi kimi təyin olunmadığı halda komandanı oyuna neçə çıxardır? “Qarabağ”la matçın protokolunda da baş məşqçi kimi Azər Həşimovun adı yazılıb. Təyinatı rəsmləşməyən şəxs texniki zonaya necə daxil olur, buna hansı əsasla icazə verilir, bunlar hamısı açıq qalan suallardı.


Anar XANLAROV