
“Gərək olarsa, lazımi şəxslər masaya yumruğunu vuracaq” - Samir Abasov
- 04 May 2025 22:49
- 47
“Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 33-cü turunda “Kəpəz”i qəbul edib.
Rekord.az xəbər verir 2:2 hesabı ilə başa çatan matçdan sonra “ağ-qaralar”ın baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib. Abasov sakit olmağa çalışdıqlarını bildirib:
“Çalışırıq ki, sakit olaq. Artıq reallıq odur ki, bizim üçün bu mövsüm qatar gedib. Bacardığımız qədər sakit oluruq və çalışırıq ki, oynayaq. Və bu səhvlər mütəmadidir, təkrarlanır. Həmçinin, qol vura bilmirik. Fikir verdizsə, ilk hissənin əvvəllərində dominant çıxış etdik. Sadəcə, fərqlənə bilmirik.
Qarşıda üç oyun qalıb, hazırlaşacağıq. Xoş tərəfi odur ki, son iki oyunda uduzduğumuz halda geri dönə bilmişik.
Sonluq olaraq masa qarşısında oturub müzakirələr aparacağıq. Gördüyümüz işləri qoyacağıq ortalığa. Amma büdcə necə olacaq, bu mənim bilmədiyim şeydir.
Mən bura gələndə kapitanlıq məsələsi o qədər şişirdilmişdi ki, inanın, mən bunu yoluna qoymaq üçün Rza Cəfərovu kapitan təyin etdim.
Hansısa hakim gəlsin desin ki, “Neftçi”yə qarşı qərəzim var… Belə bir şey yoxdur. Mən bunu dilimə gətirəsi deyiləm. Sadəcə, Sambonun “qırmızı” alması kubok oyununda bizi çox çətin vəziyyətdə qoymuşdu. Bizim hazırda düşdüyümüz situasiya heç kimdə rahatlıq yaratmasın. Gərək olarsa, lazımi şəxslər masaya yumruğunu vuracaq. Heç kimə səbəb verə bilməz ki, bizim düşdüyümüz vəziyyət “Neftçi”ni əzməyə imkan yaratsın. “Neftçi” də bir gün özünə gələcək və inanıram ki, bu tezliklə baş verəcək.
Proqramımız var. Və yüz faiz əmin olun ki, fikirlərimiz rəhbərliklə üst-üstə düşür. Buna əmin ola bilərsiz. Qaldı ki digər məsələlərdə jurnalistlərin, azarkeşlərin bu situasiyada bizi anlamasına, dəstək olmasına görə onların da hər birinə təşəkkür edirəm”.