
Gəncəli veteranlardan Tərlan Əhmədova dəstək: "Qapı açıqdır, kim istəyirsə..."
- 26 Dek 2022 17:00
- 732
Son günlər “Kəpəz” yenə qaynayır. Mövsümün əvvəlində, daha dəqiq desək, Yaşar Vahabzadənin dönəmində Gəncə veteranları və azarkeşlər baş məşqçinin işindən narazılıq edib, onu istefaya səsləyirdisə, indi təcrübəli futbolçularla Tərlan Əhmədov arasında problem yaşanır.
Mütəxəssisin əsas komandadan uzaqlaşdırdığı Rauf Əliyev, Əfran İsmayılov və Elvin Yunuszadə ona qarşı koalisiya yaradaraq mətbuatda baş məşqçini tənqid, bəzi xoşagəlməz əməllərdə ittiham edir. Bu yöndə Əfran daha fəaldı. Klub daxilində fikir ayrılığı, təcrübəli oyunçuların media vasitəsiylə baş məşqçini gözdən salmağa çalışması, heç şübhəsiz, düşərgədə ab-havanı korlayır, komandanın nəticələrinə təsir edir. Təəssüf ki, klub rəhbərliyi, “sarı-göylər”in İdarə Heyətinin sədri İlqar Nadiri, “Kəpəz”in idman direktoru, çiynində illərin təcrübəsi olan Mehman Allahverdiyev ortaya çıxıb başverənlərə müdaxilə etmir. Halbuki belə vəziyyətdə məhz onlar “Kəpəz”də kimin söz sahibi olduğunu göstərməlidi. Çox maraqlıdı ki, həmişə diqqət mərkəzində olmağı sevən, klubda yaşanan proseslərə müdaxilə etməyi xoşlayan gəncəli veranlar da ağızlarına su alıb bir kənarda sakit dayanıblar. Deyəsən, onlara “Kəpəz”də başverənlər, komandada gedən parçalanma, ikitirəlik xoş gəlir.
Məsələ ilə bağlı Gəncə Regional Futbol Federasiyasının prezidenti Nurəddin Əliyevin fikrini öyrəndik:
“Mənim klubun daxili işlərinə qarışmağım düzgün olmaz. Özləri problemlərini həll etməlidi. Peşəkar komandada istənilən kənar müdaxilələr yolverilməzdi. Bu həmişə belə olub və belə də davam edir. O ki qaldı Əfran İsmayılovun açıqlamalarına, açığı, bunu ona yaraşdırmadım. Baş məşqçi necədi, klub prezidentinin səhvi var, yoxdu, bu daxili məsələdi. Sən peşəkar futbolçusan. Klubda kiminləsə problemin varsa, onu ictimailəşdirməkdənsə, öz aranızda həll etməlisiz. Mediaya çıxıb belə açıqlamalar vermək həm klub rəhbərliynə, həm məşqçilər korpusuna, həm də komanda yoldaşlarına hörmətsizlikdi. Əfran belə etməməliydi”.
“Kəpəz” Veteranlar İttifaqının rəhbəri Tofiq Məmmədov isə başverənlərdə Tərlan Əhmədovu dəstəklədiyini bildirdi:
“İstənilən komandada ilk növbədə nizam-intizam olmalıdı. Tərlan Əhmədov da “Kəpəz”ə gəldiyi ilk gündən bunu yaratmağa başladı. Görünür, onun bu addımı kimlərinsə xoşuma gəlmədi. Açıq deyirəm, futbol oynadığımız dönəmdə yaşlı olarkən baş məşqçi təcrübəliləri bir az sıxan kimi narazı qalırdıq, düşərgədə söz-söhbət yaranırdı. Halbuki baş məşqçi bu addımı komandanın uğuru üçün edirdi. İndi Əhmədov da çalışır ki, “Kəpəz”i irəli aparsın, yaxşı nəticələrlə gəncəliləri sevindirsin. Əfranın hər gün mətbuata bu mövzuda açıqlama verməsi heç də yaxşı hal deyil. Gəncədə də artıq hamı söz-söhbətdən bezib. Baş məşqçinin sözü qanundu, hamı bir nəfər kimi ona riayət etməlidi. Mən Tərlan müəllimi dəstəkləyirəm. Onun rəhbərliyi altında oynamaq kimə xoş deyilsə, qapı açıqdı, istədiyi yerə gedə bilər. Komanda bir yumruq kimi olmalıdı. Hər kəs istədiyini edə bilməz”. ("Futbol plus")