
“Gələcək üçün lazım olan detallar üzərində işlədik”
- 18:40
- 46
Futzal üzrə Azərbaycan milli komandası bu gün “Araz-Naxçıvan”ın legionerlərdən qurulmuş heyəti ilə yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, həm toplanış, həm də yoxlama oyunu ilə bağlı baş məşqçi Yevgeni Kukseviç federasiyanın rəsmi saytına bunları deyib:
“Vaxtımız çox az idi. Cəmi 3 gün təlim-məşq toplanışı keçirə bildik. Bu müddət ərzində iki məşqimiz və bir yoxlama oyunumuz oldu. Çalışdıq ki, müəyyən detallar - müdafiə olunmaq, ara məsafəsini azaltmaq, ayaqla ötürmələr və s. üzərində işləyək. Yaxşılaşdırmaq istədiyimiz elementlər var idi ki, onlara vaxt ayırdıq. Yoxlama oyununa gəldikdə, milli birinci hissədə yaxşı oynadı. Mübarizə apardı, verilən tapşırıqları icra etməyə çalışdı. Göstərdiyi oyuna görə komandadan razı qaldım. İkinci hissədə bir qədər güc tükəndi. Həm də gənclərə daha çox sanş verdik. Nəticə yaxşı olmasa da, toplanışın və oyunun xeyrimizə olduğunu qeyd edə bilərəm. Çünki gələcək üçün lazım olan detallar üzərində işlədik.
Bu toplanışda müəyyən səbəblərdən bizimlə olmayanlar var idi. Nurlan Məmmədov zədəli idi, Tofiq Əliyev də növbəti toplanışda bizə qoşulacaq. Heyətimiz genişdir və seçim edəcəyik”.