"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda "Benfika"ya (Portuqaliya) qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında səfərdə qazanılan tarixi qələbədən danışıb:


"Futbolçularımı bu uğura görə təbrik edirəm. Yaxşı oyunla yaxşı qalibiyyət əldə etdik. Əslində bu gün məğlub da ola bilərdik. Çünki start fitindən sonra üstünlük rəqibin tərəfində idi. Oyunu öz xeyirimzə dəyişmək heç də asan görünmürdü. Futbolçularımdakı inam bizə qələbə qazanmağa kömək etdi. "Benfika"ya qalib gəlməyimiz onların zəif olduğu anlamına gəlmir. Onlar topla çox yaxşı rəftar etməyi bacarırlar. Oyundan əvvəlki mətbuat konfransında futbolçularımın çətinlik çəkəcəyini demişdim. Şükürlər olsun ki, qələbə qazandıq. "Benfika"ya qarşıdakı matçlarda uğurlar arzu edirəm".


"Benfika" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.