
Futbol hakimləri Yevlaxda ağır qəzaya düşdülər: ölən var!
- 10 Dek 2022 23:23
- 842
Yevlaxda ağır avtomobil qəzası baş verib. "Rekord.az" xəbər verir ki, xəsarət alanlar futbol hakimləri və hakim-inspektor olub.
Ceyhun Haşımov, Elmin Süleymanov, Rövşən Rəcəbov, Asif Abdullayev və Rəsul Babayev bir maşında olublar. Məhz o avtomobil qəzaya uğrayıb və ədalət təmsilçiləri müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Hadisə hakimlərin I Divizionda “Mingəçevir” və “Qaradağ Lökbatan” komandaları arasındakı XIV tur oyunundan sonra Bakıya qayıdarkən baş verib. Onları daşıyan nəqliyyat vasitəsi Tanrıqulular kəndində qarşıdan gələn avtomobillə toqquşub.
Qəza nəticəsində həmin avtomobilin sürücüsü - Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Təfərrüatlar belədir: hakimlərin olduğu avtomobili Ceyhun Haşımov idarə edib. Qarşıdan gələn maşın qaydaları pozub və qarşı yola çıxıb. Toqquşma baş verib. Qəza o qədər ağır olub ki, köməyə gələn FHN nümayəndələri hakimləri yalnız avtomobili kəsməklə çıxara biliblər. Elmir Süleymanovun başında çat olub, o Mingəçevir Dövlət Xəstəxanasına, digər 3 nəfər Yevlax xəstəxanasına aparılıb, Ceyhun Haşımovun isə sol ayağı sınıb, gipslənib, Bakıya göndərilib.
"Mingəçevir" - "Qaradağ Lökbatan" matçı qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Həmin qarşılaşmada Rövşən Rəcəbov baş hakim, Elmin Süleymanov və Asif Abdullayev laysmanlar, Rəsul Babayev dördüncü hakim, Ceyhun Haşımov isə hakim-inspektor olub.