FİFA-nın prezidenti Canni İnfantino “Arsenal”ın sabiq baş məşqçisi və ali futbol qurumunun qlobal futbol inkişafı şöbəsinin rəhbəri Arsen Vengerin təklif etdiyi ofsayd qaydası dəyişikliklərini dəstəkləyib.


Vengerin təklifinə görə, hücumçunun qol vurmaq üçün istifadə edə biləcəyi bədən hissəsinin ən azı biri son müdafiəçinin xəttində və ya ondan geri yerləşirsə, oyunçu ofsaydda sayılmamalıdır. Yalnız oyunçunun bütün bədəni top və rəqibin sonuncudan bir əvvəlki futbolçusundan irəlidədirsə, ofsayd qeydə alınacaq. Qayda dəyişiklikləri DÇ-2026 öncəsi tətbiq oluna bilər.


Rekord.az xəbər verir ki, FİFA-nın prezidenti məqsədlərinin futbolu daha cəlbedici etmək olduğunu bildirib:


“VAR-ı tətbiq etdik və oyun daha ədalətli oldu. VAR-ı getdikcə daha yaxşılaşdırır, hakimlərin doğru qərar verməsinə kömək edirik. Məqsədimiz futbolu daha hücumameyilli və cəlbedici etməkdir. Yeni ofsayd qaydası gələcəkdə hücumçunun tam olaraq son müdafiəçi xəttini keçməsini tələb edə bilər. Həmçinin, oyun zamanı vaxt uzatmalarının qarşısını almaq üçün tədbirlər də nəzərdən keçirilir. Oyun təbii axarında davam etməlidir”.