“Fərdi səhvlər komandaya baha başa gəlir” - Saşa İliç
- 12 Yan 2026 21:00
- 42
“Sumqayıt” Antalya toplanışı çərçivəsində bu gün Serbiyanın “OFK Belqrad” komandası ilə növbəti yoxlama oyununu keçirib. Matç rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Rekord.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Saşa İliç oyun barədə fikirlərini bölüşüb.
O, fərdi səhvlərin komandaya baha başa gəldiyini bildirib. Mütəxəssis hazırlıq oyunları ilə bağlı fikirlərini klubun mətbuat xidmətinə açıqlayıb. O, komandasının oyun performansını belə dəyərləndirib:
“Ötən dəfə də qeyd etdiyim kimi hazırlıq oyunlarında nəticə əsas deyil. Önəmli olan bütün oyunçuları iş başında görmək və müxtəlif taktiki gedişləri yoxlamaqdır. Bu gün də həm təcrübəli, həm də gənc futbolçuların oyununu gördük və həmçinin bir neçə taktiki gedişi sınadıq. Hələ də bəzi boşluqlarımızın olduğunu deməliyəm. Bu dəfə də fərdi səhvlər ucbatından qollar buraxdıq. Bütün bunların fərqindəyik. Səhvlərimizin aradan qaldırılması üçün çalışırıq. Qarşıda bir yoxlama oyunumuz qalıb. Ümid edirik ki hazırlıq prosesinin sonuna qədər qarşımıza qoyduğumuz bütün tapşırıqları icra edib, çempionatın ikinci yarısına tam hazır olacağıq”.
"Sumqayıt" ilk yoxlama matçında Macarıstan “Pakş”ına 1:5 hesabı ilə uduzub. Komanda Türkiyədə daha 1 yoxlama oyununa çıxacaq. Komanda yanvarın 16-da Xorvatiya “Osiyek”i ilə üz-üzə gələcək.