"Qəbələ" klubunun gələcək taleyi hazırkı durumda çox maraq doğurur. Elə baş məşqçi Elmar Baxşıyev də "Səbail"lə dünənki oyundan sonra açıq şəkildə bildirdi ki, klubun gələcək planları hələlik naməlumdur. Çünki büdcə ilə bağlı heç nə təsdiqlənməyib. Müqaviləsi başa çatan futbolçuların da heç biri ilə yeni müqavilə ilə bağlı danışıqlar aparılmayıb. Rəhbərlik AFFA-nın bu dəfə də kluba maliyyə yardımı ayıracağına ümid edir. Amma bu baş versə belə, federasiyanın hansısa şərtlərinin olacağı istisna deyil.

Rekord.az olaraq bütün bu qaranlıq məsələlərə aydınlıq gətirmək üçün dünənki matçdan dərhal sonra klubun prezidenti Fariz Nəcəfovla görüşmək istədik.

Bunun üçün də hakimin final fiti səslənər-səslənməz fəxri tribunanın çıxışında qərar tutduq. Lakin bir qədər gözlədikdən sonra məlum oldu ki, Nəcəfov nəinki, fəxri lojada, ümumiyyətlə, stadionda yoxdur. Klub prezidenti heç matçı sona qədər izləməyib və görüşün başa çatmamış arenanı tərk edib. Onun hansı səbəbdən belə addım atması məlum olmasa da, kifayət qədər maraqlıdır. Çünki Nəcəfovun nə vaxtsa öz komandasının oyununu yarımçıq tərk etməsi yadımıza düşmür.