Qara Qarayev futbolçu karyerasını bitirdi. Buna təəssüfləndim. Təxminən 2 ay öncə ayaqüstü də olsa, xeyli söhbətləşmişdik, hiss edirdim ki, getmək istəyir. Yəni qışda da getməsə, yayda 100 faiz gedəcəkdi. Aramızda olan söhbəti təbii ki, bura yazmayacam, amma hiss edirdim ki, ona qarşı olan münasibətdən narazıdı. Mən də düşünürəm ki, karyerasının sonuna doğru ona qarşı haqsızlıqlar oldu. Xüsusilə "Qarabağ"da. Bu klubdan ayrılanda da bu haqda yazmışdım. Adam bütün ili əsas heyət oyunçusu olur, il qurtarır, komanda gedir istirahətə, yeni il başlayır, birdən-birə ehtiyata salınır, əvəzinə Romao oynadılmağa başlayır. O vaxtı da yazdım, razılaşmayanlar, əks fikir yazanlar oldu, hətta Romaonu qaldırıb qoydular dağın başına, amma zamanla kimin haqlı olduğu ortaya çıxdı. Buyurun baxın, Romao indi hardadı. Adamın 27 yaşı var, futbol yaşının pik həddindədir "Ferensvaroş"da çox vaxt heç sifariş ərizəsinə salmırlar. Salınanda da daha çox sonradan oyuna çıxır, 15-20 dəqiqəlik. Halbuki Qara 27 yaşında "Qarabağ"ın əsas heyətində beton töküb oturmuşdu, ÇL, AL əvəzedilmədən oynayırdı. Bir anda adamın üstündən xətt çəkdilər. Bu azmış kimi, "Qarabağ"dan gedəcəyi 99 faiz bilindiyi halda lazımsız avrokubok oyununda sona yaxın oyuna saldılar və məhz həmin lazımsız 3-5 dəq. görə "Neftçi"nin avrokubok matçlarında meydançaya çıxa bilmədi. Hə, bu arada onu "Neftçi"yə keçdiyinə görə az qala Vətən xaini çıxardanlar da oldu. Əzəli rəqibə keçib. Sanki bura Argentinadı, "Qarabağ" Boka Xuniors"du, "Neftçi" də "River Pleyt". O dar düşüncədən yanaşsaq, Müşviq Hüseynov da "xəyanətkar"dı ki, o da vaxtı ilə "Qarabağ"dan ayrılandan sonra gedib "Neftçi"də oynayıb...


Nə isə. Söhbət yox, futbolçu nə vaxtsa futboldan gedəcək. Mənim təəssüfləndiyim odur ki, Qara hələ rahat 2-3 il də oynaya bilərdi. Şübhə etmirəm ki, günü bu gün "Turan Tovuz", "Sumqayıt", "İmişli", "Şamaxı"da çox rahat oynaya və fayda verə bilərdi. Amma getməyə qərar verdi. Mənə görə Emin Quliyevdən sonra Azərbaycan futbolunun yetişdirdiyi ən güclü dayaq yarımmüdafiəçisi idi. Sevindirici məqam o oldu ki, karyerasını bitirən kimi də milli komandada işə başladı, U-21-də analitik-məşqçi kimi çalışacaq. Güman ki, bu variant öncədən var idi, bəlkə də buna görə yayı gözləmədən karyerasını bitirdi. Qara güclü futbolçu olmaqdan əlavə, həm də savadlı insandı, intelekti var. Bildiyim qədəri ilə ingilis dilini də yaxşı bilir. Heş şübhə ehtmirəm ki, yaxın gələcəkdə Azərbaycan futbolu onu bir məşqçi kimi qazanacaq. Futboldan futbolçu kimi gedib, məşqçi kimi döndü. Əlvida Qara, xoş gəldin Qara!

Anar XANLAROV