
Dənizli "Xəzər Lənkəran"ın dağılmasına inanmayıb
- 21 Sen 2022 16:00
- 503
Bir qrup azərbaycanlı gənc tələbə İstanbulda «Xəzər Lənkəran»ın sabiq baş məşqçisi Mustafa Dənizli ilə görüşüb.
Rekord.az xəbər verir ki, 2013-2014-cü illərdə Azərbaycanda çalışmış tanınmış türkiyəli mütəxəssis cənub klubununun fəaliyyətini dayandırmasını böyük təəssüf ilə qarşıladığını gizlətməyib.
«Ağ-yaşıllar»dan sonra «Qalatasaray»a yollanmış Dənizli hazırda işsizdir. Bu ilin əvvəlində «Altay»dan ayrılan, ondan bəri yeni klub tapmayan 72 yaşlı məşqçi «Xəzər Lənkəran» haqda xoş fikirlər söyləyib.
O, azarkeşlərin komandaya böyük dəstək verməsini xatırlayıb.
Türkiyədə «Qalatasaray», «Fənərbağça» və «Beşiktaş»ın sükanı arxasında dayanmış yeganə mütəxəssis olan Dənizli bildirib ki, «Xəzər Lənkəran»ın dağılmasına öncə inanmayıb, bu barədə məlumatları araşdırandan sonra Mübariz Mənsimovun kluba maliyyə dəstəyini kəsdiyini öyrənib.
Ünlü məşqçi «ağ-yaşıllar»ın tezliklə futbol sferasına dönməsini arzuladığını deyib.