De Blekerin yalanı: Fərid Hacıyevlə inkişaf?
- 11:00
- 29
Ötən AFFA İcraiyyə Komitəsinin qərarı ilə Hakimlər Komitəsinin sədri vəzifəsindən azad olunaraq, Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsinə təyin edilən de Bleker dünən paylaşılan videoda 12-ci turun hakim qərarlarını şərh edib. Görünən budur ki, bu tip videolar tamamilə hakimlərin müdafiəsinə hesablanıb. De Bleker ən kobud hakim səhvlərini belə absurd arqumentlərlə malalayır, hakimlərə haqq qazandırır. Onun "Sumqayıt" - "Qarabağ" matçında Senhadjiyə göstərilən ikinci sarı vərəqəyə münasibəti çox maraqlı idi. Çünki bütün ölkə gördü ki, orda vərəqəlik heç bir hərəkət yox idi. Hətta Qurban Qurbanov da hakimin səhv etdiyini düşünənlərlə razılaşdığını bildirmişdi. Xaqani Məmmədov isə "İdman TV"də epizodu şərh edərkən orda, ümumiyyətlə, qayda pozuntusu görmədiyini bildirmişdi. Sabiq tanınmış hakim Fariz Yusifov da "Futbol plus"a açıqlamasında həmin epizodda heç bir qayda pozuntusu olmadığını deyərək, hakimin səhv qərar verdiyini və oyunun ruhunu "sındırdığını" deyib. Çox çox təəssüf ki, yalnız de Bleker hakimin səhvinə haqq qazandırıb. Deyib ki, "Sumqayıt"ın futbolçusu əli ilə "Qarabağ"ın futbolçusunun üzünə təmas edib. Amma hansı təmasdan söhbət gedir, bunu açıqlamayıb. Epizoda da 100 dəfə baxsan belə, üzə hansısa zərbə, təmas görmürsən. De Bleker görəsən bizim hakimliyin səviyyəsini bu cür qaldıracaq? Premyer Liqa səviyyəsində olmayan hakimlərə zorla təyinat verir, sonra da onların səhvlərini malalayır, ört-basdır edir. Hətta bildirib ki, Senhadju Montiedən öncə "Qarabağ"ın digər futbolçusu Bəhlul Mustafazadənin formasından tutur. Əgər belçikalı Fərid Hacıyevin biabırçı qərarına bütün variantlara əl atmaqla haqq qazandırmaq istəyirsə, o zaman mən də həmin an baş vermiş başqa bir hərəkətin fotosunu paylaşacam.
Senhadjidən öncə ilk qaydanı pozan futbolçu Bəhlul olur. Aşağıda paylaşılan fotodan göründüyü kimi, Medinanın tərs toxunuşundan sonra top Senhadjiyə doğru gəlir. O isə həm qapıya, həm də topa Bəhlul və Montiedən daha yaxındır. Bəhlul da bunu gözəl başa düşdüyü üçün hər iki əli ilə Senhadjinin belindən qucaqlayaraq onun topa çıxışına və qapıya zərbə vurmasına aşkar maneə yaradır. Senhadji də Bəhlulun məhz bu hərəkətindən sonra onun formasından tutur. Amma nədənsə Senhadjinin tutmasını görən de Bleker ondan öncə Bəhlulun daha aşkar tutmasına heç bir şərh vermir. Halbuki belçikalının məntiqi ilə hakim Bəhlulun hərəkətinə görə “Qarabağ”ın qapısına penalti təyin etməli idi. Amma bu cür aşkar tutmanı nə Fərid Hacıyev görür, nə VAR, nə də de Bleker…
Anar XANLAROV