"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 16-cı turu çərçivəsində səfərdə "Qəbələ"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 2:1 hesablı qələbə barədə bunları söyləyib:


“Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal əldə etdik. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq. Sanki oyundan çox, futbolçuları düşünürdüm. İstəyirdim ki, ili sağlam başa vursunlar. Üç xal yerinə düşdü. "Qəbələ" bütün oyunlarda çox yaxşı mübarizə aparır. Onlara uğurlar arzulayıram. Daha çox xala layiqdirlər. Kaxaber Sxadadze ilə rəqib olmaq mənim üçün həmişə maraqlı olub. Burada bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm.


2025-ci il bizim üçün çox yaxşı keçdi. Narazılıqlar da oldu, uğurlarımız da. Mən bu kollektivin içindəyəm. Futbolçuların nələr çəkdiklərini görürürəm. Elə durumdayıq ki, hər kəs bizdən razı qalmalıdır. Çox gərgin il keçirdik. Çempionlar Liqasının səviyyəsi daha da yüksəkdir. Burada daha çox güc sərf edirsən. Tam başqa səviyyədir. Futbolçular bu cür təzyiqə dözüblərsə, onlardan çox razı qaldım. 2025-ci il Azərbaycan futbolçu üçün uğurlu oldu. Çempionlar Liqasında iştirak etdik, qələbələr qazandıq. 


Bəzi futbolçulara rəsmi olmayan təkliflər var. Sanki komandada qarışıqlıq başlayıb. Çempionlar Liqasının qarşıdakı oyunları üçün siyahiya kimisə əlavə edə bilmərik. Ona görə də kiminsə getməsini istəmirəm.


"Qarabağ"ın Juninyonu geri qaytarması real görünmürdü. Ona görə də bununla bağlı ciddi söhbətimiz olmayıb. Mən onun "Sevilya"ya getməsini istəyirdim. Amma "Flamenqo" braziliyalı futbolçuların arzuladığı klubdur. Bəlkə də, buna görə oranı seçdi. 


Pedro Bikalyonun da adı Braziliya klubları ilə hallanır. Təklif olub. Amma bura "Qarabağ"dır, uşaq bağçası deyil. Bizə gələn təkliflər ciddi olmalıdır. Sanki futbolçuların fikrini yayındırırlar. Futbolda küçə danışığı olmamalıdır. Menecerləri, klub rəsmilərini nəzərdə tuturam. Futbolçuların da "başı" gedir. Onlara yaxşı təklif edirlər, kluba isə az məbləğ təklif olunur. Pul bunların gözünü örtüb. Belə yanaşmaq olmaz. O qədər lazımsız, keyfiyyətsiz zənglər gəlir, düşünürsən ki, doğrudanmı bu zənglər klublardan gəlir? Mənim üçün heyəti saxlamaq böyük problemə çevrilib. Demək olar ki, futbolçuların 90 faizinə təkliflər var. Biri Yaponiyadan, biri Dubaydan zəng edir”.