“Karvan-Yevlax” bu gün Premyer Liqanın 9-cu turunun açılış matçında “Turan Tovuz”la üz-üzə gəlib.


Rekord.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən və 1:2 hesabı ilə məğulub olan Yevlax təmsilçisinin baş məşqçisi Azər Həşimovun oyundan sonra mətbuat konfransı olub. Həşimov daha yaxşı olmağa çalışacaqlarını bildirib:


“İstirahətdən sonra dörd gün vaxtımız oldu oyuna hazırlaşmaq üçün. Futbolda olur ki, yaxşı oynadığın halda məğlub olursan. Sevindirici haldır ki, “Karvan-Yevlax”ın kapitanı Araz Abdullayev meydanda idi və yaxşı çıxış etdi.


Uzun müddətdən sonra Premyer Liqaya qayıtmışıq, qarşımızda hələ çox oyunlar var. Çalışırıq ki, işimizi vicdanla, ləyaqətlə yerinə yetirək. Daha yaxşı olmağa çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, Premyer Liqada yerimizi qoruyaq. Və qələbə münasibəti ilə “Turan Tovuz”u təbrik edirəm.


İstənilən sahədə səhvlər olur. Bu gün komandamın məğlub olması mənim səhvim idi. Çox təəssüf ki, xal qazana bilmədik, futbolda belə hallar olur.


Kamran İbrahimov ilk hissədən sonra özünü yaxşı hiss etmirdi, ona görə də dəyişiklik etdik. Əmrah Bulud da deyərdim ki, onu layiqincə əvəzlədi.


Sadəcə, ola bilər ki, hesabda 1:0 öndə olanda bir az arxayınlıq oldu. Mən də istərdim ki, 90 dəqiqənin sonunda sevinən tərəf biz olaq.


Məşqçinin işi elədir ki, hardasa bir axsama görür və dəyişiklik etmirsə, deməli, o, iş görmür. Bəhanə kimi demək istəmirəm, yeni komandayıq. Bacardığımız qədər ən yaxşısını etməyə çalışacağıq. Rəhbərlik tərəfindən də dəstək var. Sadəcə olaraq, şərait baxımından gözləyirdik ki, öz meydanımızda, azarkeşlərimizin qarşısında çıxış edəcəyik. Amma bu məsələ hələ də öz həllini tapmır. Bu amil də nəticələrimizdə müəyyən qədər təsirini göstərir”.