İspaniyanın “Barselona” klubunun müdafiəçisi Daniel Alves XXI əsrdə 1000-ci matçına çıxıb.

Rekord.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı cinah müdafiəçisi buna ötən gecə İspaniya La Liqasının 23-cü turu çərçivəsində baş tutan “Atletiko” (Madrid) komandası ilə oyunda (4:2) nail olub.

Braziliyalı oyunçu hazırda İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Kristiano Ronaldodan geri qalır.

Madrid klubu ilə görüşdə Kataloniya təmsilçisinin 4-cü qoluna imza atan təcrübəli futbolçu həm də "Barselona" tarixinin ən yaşlı qolçusu olub. Alves 1963/64 mövsümündə 37 yaşında fərqlənmiş Joan Seqarranın rekordunu qırıb.

Qeyd edək ki, Daniel Alves “Atletiko” ilə matçın start heyətində meydana çıxıb. O, 10-cu dəqiqədə vurduqları ilk qolda məhsuldar ötürmə müəllifi olub. 49-cu dəqiqədə komandasının sonuncu qoluna imza atan braziliyalı müdafiəçi, 69-cu dəqiqədə də birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmasıyla diqqət mərkəzinə düşüb.