“Zirə” bu gün Azərbaycan Premyer Liqasının 13-cü turunun açılış matçında “Kəpəz”lə qarşılaşıb.


Rekord.az xəbər verir ki Yevlax şəhər stadionundakı matçdan sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sadıqov 2:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:


“Məlum futbol şəraitində, süni örtük, günəşli hava – belə olan halda sürətli oyun keçirmək mümkün deyil. Rəqib də yaxşı mübarizə aparırdı. Azər Bağırovun komandasına qarşı oynamaq həmişə çətin olur. İkinci hissədə daha sürətli çıxış edib, iki qol vurduq. Vacib qələbə qazandıq. Futbolçularımı, azarkeşlərimizi, rəhbərliyimizi təbrik edirəm.


İssa Cibrila universal futbolçudur. Hər mövqedə oynada bilirik. Millisinin heyətində də son matçda hücumda çıxış edib. Hansı mövqedə ehtiyac yaranırsa, orda da oynadırıq. Davit Volkov da, həmçinin, universal futbolçudur. Təki bütün oyunçularımız sağlam olsun.


Mən bunu əvvəl də demişdim, Azər Bağırovun gəlişindən sonra “Kəpəz”də ciddi şəkildə canlanma yaranıb. Bildirmişdim ki, bu komanda bir müddətdən sonra formaya düşəcək.


Biz hər zaman gerçəyi, reallığı deyirik. Futbolumuzun naminə susurduq, görməzdən gəlirdik. Artıq üçüncü, dördüncü komandadır ki, meydançasını dəyişir. Bu da problem yaradır. Bir komanda hansısa stadionda Premyer Liqaya start verirsə, qış fasiləsinə az qalmış meydançanı dəyişməsə, daha yaxşı olar. Biz bunları deyirik.


Həmişə istəyərəm ki, futbolçularım müəyyən məqamlarda fərqlənsinlər, seçilsinlər. Başqa oyunlardakı qolları indi gözümün qabağında canlandıra bilmirəm, amma Leroy Mikelsin qolu (“Kəpəz”lə matçda ilk qol) bizim komandada ən baxımlı qoldur”.