Azərbaycanın çimərlik güləşçiləri sabah Xorvatiyanın Poreç şəhərində start götürəcək yeniyetmə (U-15, U-17) və gənclər (U-20) arasında Avropa çempionatında iştirak edəcəklər.


Rekord.az xəbər verir ki, iki gün davam edəcək yarışın ilk günündə yeniyetmələr, ikinci günündə isə gənclər arasında qaliblər müəyyənləşəcək.


Qitə birinciliyində ölkəmiz U-17 yaş qrupunda təmsil olunacaq. Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Rəşid Nazarov (60 kq), Ayxan Quliyev, Ruslan Vəliyev (hər ikisi 70 kq) və Nihad Süleymanlı (80 kq) uğur qazanmağa çalışacaq.


Laquna çimərliyində keçiriləcək yarış Bakı vaxtı ilə saat 12:00-də başlayacaq. Gündüz seansında qrup mərhələsinin görüşləri keçiriləcək. Saat 19:00-dan etibarən isə medallar uğrunda qarşılaşmalar baş tutacaq.


Avropa çempionatında I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.