Şimali Makedoniyanın paytaxtı Skopyedə U-17 Avropa çempionatına start verilib.


Rekord.az xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizə aparıb.


Qurban Məcnunov (48 kq) debütdə macarıstanlı Qerqo Zatko (11:2) üzərində inamlı qələbə qazanıb. Daha sonra türkiyəli Barış Soylunu 6:1 hesabıyla üstələyən 15 yaşlı güləşçimiz yarımfinala yüksəlib. Finalın bir addımlığında ermənistanlı Martin Manjikyanla gərgin mübarizə şəraitində keçən qarşılaşmada xalların keyfiyyətinə görə (6:6) məğlub olan Məcnunov sabah bürünc medal uğrunda görüşdə yunanıstanlı Nikolaos Zinisa ilə güləşəcək.


Ayxan Əsədli (55 kq) belaruslu Aleksandr Beliakova 6:3 hesabıyla qalib gəlsə də, 1/4 finalda rusiyalı Danil Lojkinə “tuş”la uduzub.


Ramil Musayev (65 kq) italiyalı Alessio Arankionun kürəyini xalçaya sıxıb, vaxtından əvvəl qələbəni bayram etsə də, 1/8 finalda belaruslu Vladislav Salavyova məğlub olub – 3:5.


Nicat Yeylaqaliyev (80 kq) çexiyalı Jaçim Jaburek (8:0) üzərində inamlı qələbənin davamını yunanıstanlı Stefanos Vasdekislə görüşdə gətirib – 6:1. Gürcüstanlı Giorgi Ormotsadzeyə (9:0) də heç bir şans tanımayan Nicat yarımfinalda litvalı Benediktas Bubeleviçyusa sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub. Yeylaqaliyev sabah üçüncü yer uğrunda görüşdə ya Danilo Aksentiyeviç (Serbiya), ya Olivers İrklis (Latviya), ya da Yens Abrahamssonla (İsveç) üz-üzə gələcək.


Rihad İbrahimli (110 kq) startda belaruslu Matvey Silişə (5:1), ardınca isə polşalı Mateuş Tomelkaya (11:2) qalib gəlib. Yarımfinalda ukraynalı Anatoli Novaçenkodan (4:1) güclü olan İbrahimli adını finala yazdırıb. Rihad sabah həlledici qarşılaşmada bolqarıstanlı Denis Lazarovla mübarizə aparacaq.