
Azərbaycan çempionatlarının bombardirinin son durumu: "Halım yaxşı olanda durub gəzirəm"
- 28 Okt 2022 12:00
- 529
Ötən il koronavirusa yoluxan Azərbaycanın milli çempionatlar tarixinin ən sərrast futbolçusu Nazim Əliyev hələ də yataq rejimindədir.
Virusa yoluxması səhhətində ciddi problemlərə yol açan tanınmış futbol mütəxəssisinə həkim müayinəsindən sonra qara ciyər serrozu qoyulmuşdu.
Şəkərli diabetdən də əziyyət çəkən Nazim bəyin hazırkı durumunu öyrənmək, vəziyyətinin nə yerdə olduğunu bilmək üçün özü ilə əlaqə saxladıq.
Rekord.az xəbər verir ki, telefonda danışmaqda çətinlik çəkən, səsindən narahatlığı aşkar hiss olunan Əliyev sportinfo.az-a açıqlamasında qısa olaraq bunları dedi:
“Evdəyəm, nasaz kimiyəm. Bir gün yaxşı oluram, bir gün pis. Ev şəraitində müalicə alıram. İynə vururlar, sistem qoşurlar. Həkim havaya çıxmağı, gəzməyi məsləhət görüb. Halım yaxşı olanda çıxıb gəzirəm. Şəkərim də var deyə, ağır keçirirəm.
Növbəti yoxlanışa getməliyəm, görüm, nə deyəcəklər. Şükür, zəng edənlər, maraqlananlar var. Maraqlandığınız üçün Allah köməyiniz olsun!”
Futbolçu qismində “Xəzər” (Sumqayıt), “Neftçi”, “Qarabağ”, “Dinamo” kimi komandaların heyətində vurduğu 183 qolla ölkə çempionatları tarixinin ən məhsuldar futbolçusu olmuş 59 yaşlı mütəxəssis məşqçi kimi “Qarabağ”, “Şəfa”, “Ədliyyə”, “Olimpik-Şüvəlan”, “Terek” (Rusiya), “Neftçi”, “Rah Ahan”da (İran) çalışıb, Azərbaycanın U-21 millisində baş məşqçi, U-19 və əsas yığmada köməkçi-məşqçi kimi fəaliyyət göstərib.