Aşan futbol ağacımız - kimdi günahkar?
- 13 Noy 2024 19:29
- 170
U-19 millimizin islandıyalılara (0:2), U-17-nin isə macarlara (0:4) məğlubiyyəti bütün yaş qruplarımızın ardıcıl yenilgilərinin növbəti seriyasıdı. Sonuncu deyil, mütləq davamı olacaq. Bu, nə rişxənddi, nə də proqnoz. Reallıqdı. Belə olması da normaldı. Çünki təməl əyridisə, üstündə nə edirsən et, yaxşı bina tikə bilməyəcəksən. Mümkün deyil.
AFFA-nın yeni rəhbərliyi böyük bir tələyə düşüb. Əvvəlkilər ölkədəki futbolun kökünə elə bir balta vurublar ki, ağac nəinki aşmaq üzrədi, elə aşıb da. Bir az əvvəl aşıb, ətraf da toz-dumandı, şaqqıltısı da bütün Avropaya yayılıb. Əvvəlkilər yapışqanla, iplə, yamaqla, nə bilim duayla ağacı birtəhər saxlamışdılar, tez qaçıb aradan çıxdılar, ipi də götürüb gedən kimi hər şey kəllə-mayallaq oldu. Səsə gələn camaat da ağac aşanda ətrafda yeniləri gördülər, ona görə də günahı onların üstünə yıxdılar. Normaldı, düz də edirlər.
Bəs Məşədi İbad demiş, "siz bu gəlini alanda baxmırdız ki, bu kişidi, ya arvad?"
Mən son "Sabaha saxlamayaq" verilişində də qeyd etmişdim ki, AFFA-nın yeni rəhbərliyinin əsas səhvi köhnələrdən hesab sormamaları, məsuliyyətə dəvət etməmələridi. Bəli, mən də Lüksemburqda yaşamıram, bilirəm ki, bu elə də asan məsələ deyil. Amma biz bunun heç xırda izlərini də görmədik axı. Bir çox postlarda eyni adamlardı, məşqçilər də eynidi, köhnələrin əlaqələri, əlləri hələ də uzundu, ölkə futbolunda heç də kiçik olmayan işlər görürlər, millilərin son yenilgilərini köhnə qələmləri vasitəsilə qeyri-adi bir şeymiş kimi dağ başına çıxartdırıb təzələri zərbə altına salırlar. Yəni boş oturmayıblar, işləyirlər. Təzələr isə "strategiya yazırıq" ifadəsindən yapışıb strateji səhvə yol verir, hər gün bir məğlubiyyət alıb daş altında qalırlar. Nə siyasət var, nə PR, nə də başqa bir şey. Sadəcə gözləyirlər, rusların "avos"una ümid edirlər. Olmaz belə, cənablar!
Hamımız bilirik ki, Elxan Məmmədovun Bakıdakı dayaqları hələ də möhkəmdi, o və ətrafı hələ də güc nümayiş etdirir. Yeni AFFA rəhbərliyi də yəqin ki bilir, amma tədbir görmür. Görmür yox, görmək istəmir. Özlərini pis eləmək istəmirlər. Futbol isə belə şeyləri sevmir. Dünən dövlət başçısı ilə İnfantinonun görüşündə Məmmədov da vardı, Nəcəf də. Rövşən müəllim görüşdən sonra onu bir qırağa çəkib soruşdumu ki, "Elxan, dağıtmısan, daha üstünə niyə benzin tökür yandırmağa cəhd edirsən?". "Elxan, uşaq futbolunun anasını ağlatmısan, barmağını çək, işimizi görək", "Elxan, əllərini çək klublar normal fəaliyyət göstərsin" və s. bu kimi tələbləri qoydumu onun qarşısında? Tək Elxan Məmmədov deyil, digər köhnələrlə də bu cür ciddi söhbətlər edilibmi? Edilməyibsə, hesab sorulmayıbsa, deməli onların işindən razıdılar, olanların altına imza atırlar. İmza isə məsuliyyət deməkdi.
Ya nəhayət doğru işlər görməyə başlayın, ya da növbəti məğlubiyyətlərə bəhanələr fikirləşmək üçün vaxt sərf edin. Dilimiz zəngin dildi, həmişə bir şey tapmaq olar.
Kənan Məstəliyev