17 qat Azərbaycan çempionu və yeni mövsümdə növbəti dəfə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz Naxçıvan”da baş məşqçi vəzifəsinə yeni təyinat reallaşıb.

Rekord.az xəbər verir ki, mayın 31-də müqaviləsi başa çatan Joze Alesio Da Silva və onun köməkçisi Cordan Silva ilə müqavilə yenilənməyib.

Baş məşqçi postuna Vitali Borisov təyin olunub. Ona serb mütəxəssislər - Predraq Raiç və qapıçı-məşqçi Zoran Rakiçeviç kömək edəcək. P.Raiç bir müddət EKOL komandasında çıxış edib və baş məşqçi kimi fəaliyyət göstərib. Hər 3 məşqçi ilə anlaşma 1 il müddətinədir.

Qeyd edək ki, Vitali Borisov Azərbaycan millisinin, eləcə də “Araz Naxçıvan”ın heyətində çıxış edib, kapitan sarğısını daşıyıb. O, futzalçı kimi müxtəlif illərdə Rusiya və Serbiya klublarında da legioner həyatı yaşayıb. Məşqçi kimi isə 2 il əvvəl “Neftçi” İK-da fəaliyyət göstərib. O, komandada köməkçi-məşqçi vəzifəsini icra edib. 2021-2022-ci il mövsümündə “Neftçi” İK Yüksək Liqanın bürünc medalını qazanıb, Azərbaycan kubokunun qalibi olub.
Vitali Borisov, 5 iyul 1982-ci ildə Bakıda anadan olub.

Futzalçı kimi heyətində çıxış etdiyi klublar:

Anqloil – 2000-ci il

Tribut – 2001-2003

Araz-Naxçıvan – 2004-2005

Azfarma – 2005-2006

Araz-Naxçıvan – 2006-2008

Dina (Rusiya) – 2008-2010

Araz-Naxçıvan – 2010 – 2014

Fener - 2014-2015

Ekonomaç (Serbiya) – 2015-2017

Neftçi İK – 2017-2018

Marafon Futsal – 2018

 

Məşqçi kimi fəaliyyəti:

Neftçi İK – 2021-2022

 

Uğurları:

UEFA kuboku, bürünc medal – 2 dəfə

Azərbaycan çempionu – 7 dəfə

Azərbaycan kuboku – 4 dəfə

Serbiya çempionu – 2 dəfə

Serbiya kuboku – 2 dəfə

 

Milli komanda

2001-2019-cu illərdə Azərbaycan millisinin heyətində çıxış edib. O, 5 dəfə Avropa, 1 dəfə isə dünya çempionatının final mərhələsinin iştirakçısı olub. Millinin heyətində ən yüksək nəticəsi 2010-cu ildə keçirilən Avropa çempionatının final mərhələsində 4 yeri tutmaqdır.