AFFA-nın təşkil etdiyi Region Liqasında Paytaxt regionu istisna olmaqla, digər qruplarda çıxış edən komandalar qış fasiləsinə yollanıb.

Rekord.az xəbər verir ki,paytaxtda isə dekabrın 24-ü və 25-də 2022-ci ilin son qarşılaşmaları keçiriləcək. Ötən saylarımızın birində xəbər verdiyimiz kimi, cari mövsümdə Naxçıvan Muxtar Respublikası da nəzərə alınmaqla liqada 36 komanda qalib adı uğrunda mübarizə aparır. Yarışa qatılan hər bir kollektiv turnirin startı ərəfəsində AFFA-ya zəmanət məktubu təqdim edib. Bu məktuba əsasən iştirakçılar assosiasiyaya maddi cəhətdən heç bir problemlərinin olmadığına, mövsümün sonuna kimi liqada iştirak edəcəklərinə dair zəmanət veriblər. Təəssüf ki, heç mövsüm yarılanmamış bəzi kollektivlər maddi planda çətinliklə üzləşdiklərini bildiriblər. Və bu səbəbdən artıq liqada bir neçə oyun baş tutmayıb. Paytaxt regionunun B qrupunda dekabrın 11-də keçirilməli olan “İrəvan” – “Lokomotiv”, A qrupunda “Şirvanovka” – “Bakı Atletik” matçlarını göstərmək olar. Ötən həftəsonu oynanılmalı olan “Atletik Bakı” – “Dirçəliş” qarşılaşması da bizə bəlli olmayan səbəbdən baş tutmayıb. Bundan başqa, Mərkəz regionunda “Ağsu Siti” dekabrın 10-da“Ağsu-06” ilə görüşdə meydana çıxmayıb. “Şəhərlilər” bundan öncə, daha dəqiq desək, noyabrın 11-də keçirilməli olan Saatlı “Araz”ı ilə matçda da eyni addımı atıb. Yeri gəlmişkən, “Ağsu Siti”nin prezidenti Rəmzi Eminli qəzetimizin ötən sayına verdiyi müsahibədə “Ağsu-06” ilə matç günü komandanı Ağsuya aparan avtomobilin qəza keçirməsi səbəbindən 3-4 futbolçunun xəsarət aldığını, bu barədə AFFA-nı vaxtında məlumatlandırdıqları halda onlara texniki məğlubiyyət verildiyini söyləmişdi.

Həm bu, həm də digər görüşlərin hansı səbəbdən keçirilmədiyini öyrənmək üçün Region Liqası üzrə İşçi Qrupun üzvü, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili Şöbəsinin müdiri Yusif Vəliyevlə əlaqə saxladıq. Yusif bəy hazırda Xankəndi - Laçın yolunda ekofəalların və qeyri-hökumət təşkilatları üzvlərinin təşkil etdiyi aksiyada iştirak etdiyindən geniş danışa bilməyəcəyini, yalnız “Ağsu Siti” ilə bağlı məsələyə aydınlıq gətirə biləcəyini söylədi:

“Bir neçə gündü aksiyaya qatılmışam. Bu səbəbdən sizi maraqlandıran suallara indi ətraflı cavab verə bilməyəcəm. Ancaq “Ağsu Siti”nin üzləşdiyi durumla bağlı məlumat verə bilərəm. Bizə zəng vurdular ki, qəza olub. Onlardan şəkil göndərmələrini istədik. Bununla yanaşı, xəstəxanadan və polisdən arayış istədik. Öncə “polisdən arayış ala bilmərik” dedilər. Onda xəstəxanadan arayış təqdim etmələrini bildirdik. Onu da vermədilər. Qəzaya düşən avtomobilin şəkillərini göndərmələrini istədik. Əvvəlcə onu da etmədilər. Sonra günün sonuna yaxın təmirdə olan bir maşının şəklini bizə ötürdülər. İki gün sonra polisdən arayış təqdim olundu. Arayışda yazılıb ki, hadisə zamanı xəsarət alan olmayıb. Bir də polisdən verilən sənəddə qeyd olunan maşınla bizə göndərilən maşının şəkli üst-üstə düşmədi. Yenidən “Ağsu Siti”nin rəhbəri ilə danışdım və bildirdim ki, sizin təqdim etdiyiniz sənədlərdə məlumatlar saxta çıxdı. O daha heç nə demədi. Başqa hansı addım atılmalıydı? Komanda üzürsüz səbəbdən oyuna gəlməyibsə, texniki məğlubiyyət verilməlidi”. ("Futbol plus")