
AFFA "Dalğa Arena"nı seçməsinə aydınlıq gətirdi
- 06 Fev 2022 17:00
- 858
AFFA-nın saytının yaydığı xəbərə görə, iyunun 10-da Slovakiya, 13-də isə Belarus ilə qarşılaşmalar "Dalğa Arena"da baş tutacaq. Bildiyiniz kimi, AFFA Canni de Byazinin qarşısına Millətlər Liqasında növbəti mərhələyə vəsiqə qazanmaq hədəfi qoyub. Belə olan halda yığmanın oyunlarının uzaq məsafədə yerləşən bir arenaya salınması qəribədi. Onsuz da komanda BOS-da da lazımi qədər dəstək görmür. Mərdəkanda isə bu dəstək minimuma enəcək.
Görəsən, AFFA-nın bu qəribə addımına səbəb nədi? Sualımızı qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya ünvanladıq:
“Bildiyiniz kimi, “Neftçi” ev oyunlarını “Bakcell Arena”da keçirir. Klubun avrokuboklara yüksəlmək ehtimalı yüksəkdi. Çempionatın sonunda komanda avrokuboklara vəsiqə qazansa, hər mövsümün sonunda olduğu kimi stadionda müəyyən təmir işləri həyata keçiriləcək. Bu baxımdan milli komandanın hər iki oyunu “Dalğa Arena”da baş tutacaq. Niyə məhz o stadionda? Əvvəla, Millətlər Liqasındakı rəqiblərimiz top-yığmalar deyil. Azarkeş marağı elə də yüksək olmur. Həddən artıq böyük azarkeş tutumuna malik stadionlarda belə oyunu təşkil etmək önəmli deyil. Üstəlik, “Dalğa Arena” millinin məşq mərkəzinin yerləşdiyi ərazidi. Komandanın özü üçün də çox rahat olacaq. Həm təlim-məşq toplanışını, həm də oyunu orda keçirəcək. Xeyli müddətdi o areda önəmli matçlar da baş tutmur. Bütün bunları nəzərə almaqla oyunun orda keçirilməsinə dair qərar qəbul olunub”. ("Futbol plus")