Adı lazım deyil, soyadının sonu “iç”...
- 05 Yan 2024 21:02
- 1604
Almaniyalı Yurgen Gede Azərbaycana Berti Foqtsun milli komandada köməkçisi kimi çalışmağa gəlmişdi. Sonradan onu “Neftçi”yə baş məşqçi yolladılar. Həmin vaxt belə bir düşüncə var idi ki, “Neftçi” milli komandanın bazasına çevriləcək. Bir növ almanlar əl-ələ verib, “Neftçi”ni və Azərbaycan millisini, həm də futbolumuzu ağ günə çıxaracaqdılar. Əvvəlcə Gede “Neftçi”ni batırdı. Onun həmyerlisi Berti Foqts isə 2008-ci ildən 2014-cü ilə qədər, düz 6 il pulumuzu alıb, bizi üzümüzə söydü. Futbolumuzu bir qarış da irəli aparmadı.
Gededən başqa Foqts özüylə Uli Ştaynı və Frenki Brenneri Azərbaycana gətirmişdi. Uli qapıçılar üzrə köməkçi-məşqçinin maaşını alacaqdı, Frenki isə fizioterapevtin məvacibini qazanacaqdı. Onlardan sonra eyni dalğa - eyni koordinatla Bernhard Lippert və onun Raab soyadlı adaşı da Almaniyadan Azərbaycana gəldi. Ürəkləri soyumadı, Sissi Rayt adlı bir xanımı da gətirdilər. Onu da qadınlardan ibarət millimizə baş məşqçi təyin etdilər.
Foqtsun Azərbaycanda qılıncının dalı da kəsirdi, qabağı da. Onun sözünün qabağında söz deyə bilən yox idi. Kefi istəyəndə çempionatı dayandırır, millini vətəninə aparırdı. Gah adını təlim-məşq toplanışı qoyurdu, gah da tibbi yoxlamadan keçmə. Deyilənə görə, Foqtsun qardaşı Almaniyada klinika işlədirmiş. Berti bizim futbolçuları adicə qan analizi verməyə, yaxud da hansısa tibbi testdən keçməyə vətəninə aparıb, qardaşının klinikasına külli miqdarda pul qazandırırdı.
Almanlardan sonra da Azərbaycana əcnəbilərin axını davam edib. Hamısı da gələrkən özü ilə bir dəstə köməkçi gətiriblər, əvəzindən burdan bizim pulumuzu aparıblar. Bu yaxınlarda millimizdən qovulan italyan Canni De Byazi özüylə birlikdə beş həmyerlisini gətirmişdi. Kimisinin adını videoanalitik qoymuşdular, kimisinin də adını fiziki hazırlıq mütəxəssisi. Guya ki, Azərbaycanda bədən tərbiyəsi dərsini yaxşı bilən, yaxud da videoya baxıb, rəqibin oyununu analiz etməyi bacaran yoxdu. Hər il AFFA neçə-neçə azərbaycanlıya müxtəlif kateqoriyalı məşqçi diplomu verir. Daha soruşan yoxdu ki, milli komandalarda, klublarda fiziki hazırlığa da, video kassetlə təhlilə də əcnəbilər baxacaqsa, bu qədər diplomu sabiq futbolçulara niyə paylayırlar?
“Neftçi”nin Mutu və onun rumıniyalı köməkçilərindən yenicə can qurtardı. Amma boşalan kürsülərin hamısını gəlmələr tutdu. Monteneqrolu mütəxəssis Miodraq Bojoviç heç kimdən geri qalan oğlan deyil. Ona “Neftçi”də çalışıb, yaxşı məvacib almaqda kömək edəcək şəxslərin sırasında soyadının sonluğu “iç”lə bitən üç nəfər yer alacaq. Əsas köməkçi statusuna Saşa Petroviç yenilənib, digər köməkçisi isə Dejan Mrvaljeviç olacaq. Futbolçuların fiziki hazırlığına isə Dejan İliç cavabdehdir. Hələ bu son deyil. Mətbuatda yazılanlara inansaq, zədəli Qara Qarayevlə Rezuan Mirzov Serbiyaya göndərilib. Qara zədədən sonra reabilitasiya keçəcək, Mirzov isə zədəsini Serbiyada sağaldacaq.
Bacarana can qurban. Biz onsuz da belə şeylərə öyrəncəliyik. Nə səbrimiz tükənər, də pulumuz. İşinizdə olun, yeyin-için!