Adel Amruş: "Sumqayıtın ürəyimdə xüsusi yeri var, bu şəhəri çox sevirəm" - MÜSAHİBƏ
- 11:00
- 44
Qvineya millisinin baş məşqçisi, 20 il öncə Sumqayıtın "Gənclərbirliyi" komandasının baş məşqçisi olmuş Adel Amruş Rekord.az-a müsahibə verib:
- 20 ildən sonra yenidən Azərbaycana gəlmisiniz. Məqsədinizi və təəssüratlarınızı öyrənmək maraqlı olar...
- İlk növbədə ondan başlayım ki, Azərbaycanda və Sumqayıtda olmağımdan çox xoşbəxtəm. Sumqayıtın mənim ürəyimdə xüsusi yeri var, bu şəhəri çox sevirəm. Burdakı dostlarımla, tanıdığım insanlarla da daim ünsiyyətdə oluram. 20 ildən çoxdur burda deyiləm, amma sanki heç burdan getməmişəm. O ki qaldı gəlmə səbəbim, bilirsiniz ki, hazırda Ruanda millisinin baş məşqçisiyəm və millinin burada oynayan futbolçularına baxmaq üçün gəlmişəm. "Zirə"dən Mutsinzi və "Sabah"dan Mikels. Düzdür, Mikels oynamadı, amma Mutsinzini izlədim. Eyni zamanda "Sumqayıt" - "Sabah" matçına da baxdım. Deyim ki, öz komandalarını bu dərəcədə sevən azarkeş görməmişəm. Burda işlədiyim dönəmdə də bunu görmüşdüm.
- "Sumqayıt" komandası haqda fikirləriniz necədi?
- Açığı sırf "Sumqayıt"ı izləmək üçün stadiona gəlməmişdim. Ona görə komanda haqda fikir bildirmək istəmirəm. Amma şad oldum ki, onların da oyununu izlədim.
- İki oyunu izlədiyinizi dediniz. Çempionatımızın səviyyəsi haqda hansı fikirdəsiniz?
- Çətindi nə isə demək. Hansısa fikirim düzgün anlaşılmaz, düzgün qəbul olunmaz. Bilirsiniz, bəzən elə başa düşülür ki, sənin legionerin çoxdursa, sən hamıdan güclüsən. Amma elə deyil. Bu cür düşünməklə yerli futbolçulara kömək etmək olmaz. Mən Azərbaycan millisinin də oyunlarını izləyirəm, onların da qələbəsini istəyirəm. Amma legionerlərə üstünlük verilməsi bu mənada da çətinlik yaradır. Yerli futbolçuları da görmək istəyirəm. Yerli məşqçiləri gördüm. Qurban Qurbanov, Rəşad Sadıqov. Hansı ki, çox inkişaf ediblər. Amma təəssüf ki, inkişaf edən yerli futbolçuları görmədim. Onların görünməsi üçün şans verməlisən. Bu vəziyyətdə millinin baş məşqçisi üçün də çətindir. Seçimi hardan edəsən? Mən "Sumqayıt" - "Sabah" oyununun protokoluna baxdım, orda tək-tük azərbaycanlı futbolçu gördüm. Hamısı legioner idi. Şəraitə gəlincə, super. Stadion, baza. Ümumiyyətlə, dövlət olaraq Azərbaycan çox inkişaf edib. O cümlədən də idman infrastrukturu. Mən burda işlədiyim dönəmdə belə şərait yox idi, biz çox çətin şəraitdə məşq edirdik.
- Çalışdığınız Ruanda da vəziyyət necədir, orada limit var?
- Orda millidə forma geyinən futbolçular mütləq legioner həyatı yaşamalıdır. Milli çempionatda qapıçı ancaq yerli olmalıdır. Orda da legionerlər var. Bəzən bizim üçün də yaxşı yerli futbolçu tapmaq çətin olur. Amma biz bunun üzərində çalışırıq. Mən həm də FİFA-da çalışıram, Arsen Vengerə kömək edirəm və o xəttlə çalışırıq Ruanda da daha çox istedadlı yerli futbolçuları tapıb üzə çıxardaq.
- Gələcəkdə yenidən Azərbaycanda işləmək istərdiniz?
- Onsuz da Azərbaycana gəlirəm, dostlarımı görürəm, əlaqələrimiz var. Allah yazmışdı, 20 ildən sonra yenə bura gəldim. Gəldim və burdakı inkişafı gördüm. Hər zaman Azərbaycanın Avropadakı təbliğatçısı olmuşam, Belçikada da hər zaman tanıdığım insanlara Azərbaycan haqda xoş sözlər deyirəm. İndi gəldim, müsbət dəyişiklikləri gördüm, gedib yenə deyəcəm. Mənim üçün işin futbol tərəfi yox, insanların münasibəti daha önəmlidir. Burdan sizin saytınız vasitəsi ilə də salamlarımı bütün Azərbaycan xalqına çatdırmaq istəyirəm.
Anar XANLAROV