
Abdurrahman çempion oldu, Əli gümüş medal qazandı
- 11 İyn 2025 22:32
- 57
Şimali Makedoniyanın paytaxtı Skopyedə U17 Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.
Abdurrahman Hüseynli (45 kq) finalda gürcüstanlı Saba Abaşidze ilə qarşılaşıb. Görüşün taleyini elə ilk hissədə həll edən 15 yaşlı güləşçimiz 9:0 hesablı qələbəylə Avropa çempionu olub.
Elşad Abbasov (51 kq) bürünc medal uğrunda qarşılaşmada macarıstanlı Keve Kovaça 1:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Əli Nəzərov (60 kq) finalda ermənistanlı Hayk Manukyanla qarşılaşıb. Rəqibinə 3:11 hesabıyla məğlub olan Əli gümüş medalı boynundan asıb.
Bununla da komandamız yarışı 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Xatırladaq ki, dünən Rihad İbrahimli (110 kq) Avropa çempionu olub, Qurban Məcnunovla (48 kq) Nicat Yeylaqaliyev (80 kq) isə üçüncü yeri tutub.
Millimiz 116 xalla komanda hesabında 3-cü pillədə qərarlaşıb.