Ötən ilin yayında yeni nəsil Veteranlar Şurası yaradılmışdı. Şura üzvləri “Neftçi”nin keçmiş bazasında bir araya gəlirdi. Ancaq AFFA qurumun heç bir il fəaliyyət göstərməyinə imkan verməyib. Hər halda, bunu mətbuata açıqlamasında Ramiz Məmmədov deyib. “Keşlə”də əlaqələndirici vəzifəsində çalışan 52 yaşlı mütəxəssis AFFA-nın ötən il verdiyi sözün üstündə durmadığını söyləyib: “Veteranlar Şurasını 6 nəfər - Zaur Ramazanov, Hüseyn Məhəmmədov, Mahir Şükürov, Emin Quliyev, Kənan Kərimov və mən yaratmışdıq. Bizə Mahmud Qurbanov, Elxan Abdullayev və Vaqif Cavadov da qoşulmuşdu. Bir növ skaut işi görməli, istedadlı uşaqların üzə çıxması yönündə çalışmalıydıq. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşümüz oldu, lakin verilən vədlər kağız üzərində qaldı. Böyük sözlər verilmişdi ki, bu iş yavaş-yavaş irəliləyəcək. AFFA heç bir il maliyyə ayırmadı. Ancaq fikirləşmədilər ki, bir ilə böyük irəliləyiş etmək mümkün deyil”.


Məmmədov həmsoyadının onları aldatdığını, sözünün üstündə durmadığını deyir. Əlavə olaraq da AFFA-nın icraçı vitse-prezidentinin onların fəaliyyətinə mane olduğunu bildirir. Bu üzdən adları Şura ilə birgə hallanan digər şəxslərlə əlaqə saxladıq. Görəsən, onların qurumun fəaliyyət göstərməməsindən xəbərləri varmı? Ramiz Məmmədovun fikri ilə razıdılarmı?
Hüseyn Məhəmmədov: “Mənim müsahibədən xəbərim yoxdu. Ramiz niyə elə danışıb, bilmirəm. Şura fəaliyyət göstərir. Biz bu qurumu yaratdıq. Hərəmizi bir regiona təyin etdilər. Mən Bakı üzrə fəaliyyət göstərirəm. Digərləri də fərqli regionlar üzrə. Bizə verilən tapşırıq belə idi ki, gənc istedadlı futbolçuları tapıb, üzə çıxaraq. Bu istiqamətdə fəaliyyətə başlamışdıq. Hamıya bəllidi ki, ölkədə koronavirus pandemiyasına görə sərt karantin rejimi tətbiq olunub. Bu səbəbdən də fəaliyyət göstərə bilmirik. Bu, sadəcə, bizim problemimiz deyil. Gəlin, danışanda həqiqəti deyək. Axı indi heç kim qapalı məkanda toplaşa bilmir. Bu, dövlətin qərarıdı. Buna da riayət etməliyik. Ümumiyyətlə, şura fəaliyyət göstərir. Ola bilər ki, Ramiz bəy ordan kənarlaşdırılıb. Lakin biz işimizi davam etdiririk. Federasiya rəhbərliyi də hər zaman dəstək olub. Bir daha qeyd edim ki, bizə verilən tapşırıqları yerinə yetiririk. Sadəcə, hazırda pandemiyaya görə heç nə edə bilmirik. Müsahibəsində qeyd edib ki, Vaqif Cavadov da bizə qoşulub? Onun bizə nə aidiyyatı var? Vaqif heç vaxt şuraya daxil edilməyib. Ramiz bəy niyə belə danışıb, bilmirəm”.


Zaur Ramazanov: “Müsahibəni oxumuşam. Ramiz müəllim nə deyibsə, doğrudu. “Neftçi”nin köhnə bazasında ofisimiz var idi. İndi oranı bağlayıblar, toplaşa bilmirik. Bilmirəm, nə baş verib. Kimlərinsə intriqasına görə şuranın fəalliyətini dayandırdılar. Bizim məqsədlərimiz var idi. Yaxşı-pis işlər görmək istəyirdik. Verilən vədlərin heç biri yerinə yetirilmədi. Ümumiyyətlə, futbol camiəsi qəribəliklərlə doludu. Federasiyadakılar görür ki, yaxşı futbolçu olmusansa, sözünün üstündə durursansa, səni yanlarına çəkirlər. Çalışırlar ki, onların istəklərinə uyğun hərəkət edəsən. Hazırda Veteranlar Şurasında 800-1000 manat maaşa görə ağzına gələni danışan o qədər şəxs var ki... Bununla ölkə futboluna xidmət etdiklərini düşünürlər. Bizim kimi yaxşı futbolçu olan, sonra tapşırıqla oturub-durmayanlar ətraflarından uzaqlaşdırılır. Nəyə lazımdı bu? Mən həmişə sözün düzünü deməyi xoşlayıram. Yalan danışmaq mənlik deyil. Ramiz Məmmədov da həqiqəti deyir. Hüseyn Məhəmmədov onun dediklərini yalan adlandırır? Elə edəcək də, çünki millidə məşqçi işləyir. Nə deməliydi ki? Faktiki bazadakı balaca ofisdən bizi kənarlaşdırıblar, şura konkret işləmir. Ola bilər ki, nə vaxtsa bu söz-söhbət bitər, bizi yenidən dəvət edərlər ki, gəlin, işləyin. O zaman ölkə futboluna xeyir vermək üçün təklifi qəbul edərəm. Mən futbolçu olanda da Azərbaycan üçün çalışmışam. İndi də mənə verilən tapşırıqdan boyun qaçırmaram. Amma kiminsə xeyri üçün çıxıb orda-burda danışmaram. Konkret indi ortalıqda heç nə yoxdu. Doğruları danışmaq lazımdı. Ramiz Məmmədov da doğruları danışıb”.


Vaqif Cavadov: “Mənim belə bir şuranın varlığından xəbərim yoxdu. Müsahibəni də oxumamışam. Bilmirəm ki, Ramiz bəy niyə belə danışıb. Mən onlarla birgə iş görməmişəm. Mahir Şükürovla başqa layihə üzərində işləmək söhbətimiz olub. Ola bilər ki, həmin məsələ ilə səhv salır. Amma bir daha deyirəm, yeni nəsil Veteranlar Şurası ilə heç vaxt əlaqəm olmayıb. Hüseyn Məhəmmədova hörmətim var. Düz deyir ki, mənim şura ilə əlaqəm olmayıb. Yalan danışmır ki. Amma yenə qeyd edirəm ki, belə bir qurumla əlaqəm olmayıb. Ona görə burda baş verən problemlə bağlı bir söz deyə bilmərəm. Çünki heç nədən xəbərim yoxdu. Bir şey haqda məlumat yoxdusa, nə danışa bilərəm?”


Emin Quliyev: “Regionlarda futbolun inkişafı, akademiyaların açılması planlaşdırılırdı, sonradan pandemiya ortaya düşdü deyə baş qarışdı. O vaxtdan bir xəbər də çıxmadı. Çoxdan bir yerə yığışmırıq. Bilmirəm nə məsələdi. Dağılması ilə bağlı xəbərim yoxdu. Hüseyn Məhəmmədov, Ramiz Məmmədov, Zaur Ramazanov kimi veteran futbolçularla bir yerdə idik. Mənim heç nədən xəbərim yox idi. Bazaya heç gedib-gəlmirdim".


Yuxarıda adı qeyd olunanlar sırasına Mahir Şükürovu da əlavə etməyi düşünürdük. Sabiq müdafiəçiylə məsələ ilə bağlı fikirlərini öyrənmək üçün əlaqə saxladıq. Şükürov suallarımızla tanış olduqdan sonra əlaqəni kəsib, problemlə bağlı fikirlərini bildirməkdən imtina etdi.


Bir sözlə, yeni nəslin veteranları bir-birinə dəyib. Onlar üç cəbhəyə bölünüb: şuranın dağıldığını deyənlər, dağılmadığını deyənlər, ümumiyyətlə, məsələdən xəbərsiz olanlar. Əsl Azərbaycan futboluna layiq mənzərəyə şahidlik edirik. Adı olan, fəaliyyəti görünməyən şura, danışan və bir-birini qıran üzvlər. Əziyyəti isə ölkə futbolunun düzələcəyini düşünən şəxslər və onun inkişafını həqiqətən istəyənlər çəkir. ("Futbol plus")