Azərbaycanın yunan-Roma güləşçiləri Türkiyənin Antalya şəhərində gənclər (U-20) arasında keçirilən “Çempionlar” turnirini 3 gümüş və 3 bürünc medalla başa vurublar.


Rekord.az xəbər verir ki, idmançılarımız ilk və ikinci gündə olduğu kimi, sonuncu gündə də 1 gümüş və 1 bürünc medal qazanıblar.


Tural Əhmədov (63 kq) ikinci, Elmin Əliyev (82 kq) isə üçüncü yeri tutub.


Beləliklə, millimiz ənənəvi turniri 6 medalla tamamlayıb. Öncəki günlərdə Turan Daşdəmirovla (55 kq) Ayxan Cavadov (60 kq) gümüş, Vədat Qasımlı (60 kq) və İsmayıl Rzayev (97 kq) isə bürünc medal əldə edib.


Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Antalyaya yollanan yığmamız 122 xalla komanda hesabında 2-ci yeri tutub. İran (128) birinci, Qırğızıstan (115) isə üçüncü olub.


“Çempionlar” turnirində 2-ci dərəcəli beynəlxalq hakimlər Xəyal Əliyev və Kamran Baxışov ədaləti qoruyub.