İngiltərə Premyer Liqasının 20-ci turunda “Vulverhempton” öz meydanında “Vest Hem”i 3:0 hesabı ilə məğlub edib.


Rekord.az xəbər verir ki, Rob Edvardsın rəhbərlik etdiyi komanda bu mövsüm ilk dəfə qalib gələrək 252 gün davam edən qələbəsizlik seriyasına son qoyub.


Matçın taleyi ilk hissədə həll olunub. Meydan sahibləri fasiləyədək üç dəfə rəqib qapısına yol tapıblar. Bu qələbə klub üçün xüsusi əhəmiyyət daşıyır. Çünki əvvəlki 19 turda “Vulverhempton” cəmi 3 xal toplamışdı.


Qeyd edək ki, ötən turda “Mançester Yunayted”lə heç-heçə (1:1) komandanın bütün turnirlər üzrə 12 oyunluq məğlubiyyət seriyasını dayandırmışdı. “Vulverhempton”un son qələbəsi isə 23 sentyabr tarixinə təsadüf edirdi. Həmin vaxt komanda İngiltərə Liqa Kubokunda qalib gəlmişdi. Premyer Liqada isə klub sonuncu dəfə ötən mövsümün 34-cü turunda, 26 aprel tarixində “Lester Siti”ni məğlub etmişdi.


Hazırda “Vulverhempton”un hesabında 6 xal var və komanda turnir cədvəlinin son pilləsində qərarlaşıb.