Premyer Liqada oynayacaq təzə klub "Şəfa"dır. Bəzi qeydlərim var, bir-iki kəlmə ilə toxunum dedim.


Təzə olmaqları hiss olunur. Bir ildir "ancaq yerli futbolçularla oynayacağıq" deyən klub rəhbərliyi Premyer Liqa reallığı ilə üzləşən kimi "legionerlərimiz də olacaq" cümləsini səsləndirdi. Son qərarları doğrudur, çünki sırf yerlilərlə nəyəsə nail olmaq üçün ən azı milli komandanı toplu şəkildə transfer etmək lazım olacaqdı. Başqa cür liqada, bu liqada qalmaq mümkün deyildi. Ancaq bunu əvvəl fikirləşmək, sonra danışmaq lazım idi. Bu gün bir, sabah bir başqa fikirlər səsləndirilməyə davam edilsə, verdikləri açıqlamaları bundan sonra heç kim ciddiyə almayacaq. 


Komandanı bura qədər gətirən baş məşqçi Elgiz Kərəmlinin göndərilməsini də başa düşmədim. "Təcrübəsi azdır" deyib göndərdikləri adam öz klubunda elita təcrübəsi toplamayacaqsa, harda toplayacaq? Klub öz irsini məhz bu məşqçiylə yarada, onu yetişdirib həm özünə, həm də ölkə futboluna qazandıra bilərdi. 3-5 legioner, 10-15 yerliylə o da bacarardı. Hər halda, qərar artıq verilib, bizə bu qərara hörmət etmək qalır. İş təzə gələnə düşəcək. O elə nəticə qazanmağa məcburdur ki, bir müddət sonra "Elgiz bundan yaxşısını edərdi" fikirləri səslənməsin. 


Bu arada, Kərəmlinin göndərilməsi də alayarımçıq alındı. Klubun sosial şəbəkələrində əvvəlcə, 3 cümləlik normal, standart sağollaşma edildi, sabahısı nə oldusa, kimin ağlına hardansa nə gəldisə, bu sağollaşma halallaşmaya çevrildi. "Halallıq", "qarşılıqlı hörmət", "Allahın izni", "korporativ şəkildə" və başqa bu kimi sözlərə ehtiyac yoxdur. Bura dost-qardaş məclisi deyil, futbolumuzun elitasıdır, Premyer Liqadır, cənablar. Ciddi və peşəkar olmaq lazımdır.


Əfran İsmayılovun təyinatı məsələsi də maraqlıdır. Biz həmişə deyirik ki, futbolda futbol adamları işləməlidir. Ona görə də onun kluba vitse-prezident gətirilməsini müsbət məqam kimi qiymətləndirməliyik. Alınacaq, alınmayacaq, səhvlər edəcək, düz iş görəcək, bunu sonra hamımız birlikdə görəcəyik. Ən azından təcrübə toplayacaq. Həmişə deyirik ki, ölkə futbolunun əsas problemlərindən biri, bəlkə də birincisi kadr çatışmazlığıdır. Yaxşı futbolçu, məşqçi, həkim, hakim qıtlığı olduğu kimi, peşəkar idarəçi qıtlığımız da var. Qoy biri də olsun Əfran İsmayılov. Futbolun içindən çıxıb, iki səhv edəndə, bir də düz edəcək.


Hələ ki bu qədər. Bu klubun nə olduğunu, kim olduğunu, nə etmək istədiyini bilmirik, çünki hələ iş başında görməmişik. Başlasınlar, baxıb yenə danışarıq.