
“Qalibiyyətlə geri dönmək çox yaxşı oldu” – Qurban Qurbanov
- 04 May 2025 21:40
- 33
Misli Premyer Liqasının 33-cü turunun “Qarabağ” - “Sumqayıt” (2:0) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:
“Futbolçularımı təbrik edirəm. Müəyyən səbəblərə görə bu stadionda çoxdan idi oynamırdıq. Qalibiyyətlə geri dönmək çox yaxşı oldu. Qarşımızda istəkli, oyundan qopmayan, məğlub olmaq istəməyən rəqib var idi. Sona kimi cəsarətli oyun sərgilədilər. Daha baxımlı oyun ola bilərdi. Amma 90 dəqiqə meydanda mübariz oyun izlədik. Məncə, yaxşı matç oldu”.
Baş məşqçi ikinci hissədə meydana daxil olan 15 yaşlı müdafiəçi Amin Rzayevin çıxışına da münasibət bildirib:
“Amin xeyli müddətdir bizimlədir, məşqlərimizə mütəmadi cəlb edirik. Hələ cavandır, maksimum yükləməni qəbul edə bilmir. İstənilən halda perspektivli futbolçudur. Formalaşması üçün vaxt lazımdır. Gələcək üçün özündən daha çox şey asılı olacaq. Aminin sevimli mövqeyi sol cinah müdafiədir. Amma onun hər iki mövqedə çıxış etməyi bacarması çox yaxşı haldır. Qarşıdakı görüşlərdə də imkan olduqca oynamasına şərait yaradacağıq. Bizim qapımız gənclərin hər birinin üzünə açıqdır. Özlərini yaxşı tərəfdən göstərmələri onlardan asılıdır”.