
“Yolumuz uzun, hədəfimiz çox böyükdür” - Toğrul Əsgərov
- 17:00
- 45
Bolqarıstanın Samokov şəhərində keçirilən U20 dünya çempionatında 1 gümüş və 1 bürünc medal qazanan qadın güləşi üzrə millimiz vətənə qayıdıb.
Rekord.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.
Toğrul Əsgərov, baş məşqçi əvəzi:
“U20 Avropa çempionatında 3 idmançımızdan 2-si qızıl medal qazanmışdı. Bu yarışda da eyni nəticəni gözləyirdik. Buna çox yaxın idik. Günay yarımfinalda, Ruzanna isə finalda son anda qələbəni əldən verdi. Yeniyetmə və gənclərdə belə halların yaşanmasına normal baxıram. Arzu edirəm ki, bu səhvləri böyüklərin dünya çempionatında, Olimpiya Oyunlarında təkrarlamayaq. Daha çox çalışaq, daha çox əzmkarlıq göstərək. Komandamız gənc, yolumuz uzun, hədəfimiz çox böyükdür. Federasiya tərəfindən güclü dəstək var. Çalışacağıq ki, bu dəstəyin, diqqətin layiqincə cavabını verək. İnşallah, hər şey istədiyimiz kimi olar. Bəzən ardıcıl yarışlarda iştirak qızlarda psixoloji yorğunluğa səbəb olur. Bütün bunlara baxmayaraq, həm Avropa, həm də dünya çempionatında 3 çəkidə 2 medal qazanmaq böyük uğurdur. Bu qızların böyük potensiala sahib olmaları çox sevindirici haldır”.
Rövşən Umudov, böyük məşqçi:
“Dünya çempionatı çox ağır yarışdır. Həm psixoloji durum, həm yarışın gedişinə görə Avropa çempionatından çox fərqlənir. Asiya ölkələrindən çox güclü rəqiblər var. Buna baxmayaraq, hər şey yolunda gedirdi. Sadəcə, bir az taktiki səhvlər oldu. Bu səbəblərdən çempionluğu əldən verdik. Yaxşı hazırlaşmışdıq. Bu iki güləşçimizdən daha böyük nəticələr gözləyirik. Daim hazır olmalıdırlar, daha çox hazırlaşmalıdırlar. Güman edirəm ki, gələcəkdə bu səhvləri düzəldəcəyik. Bununla da nəticə daha yaxşı olacaq”.
Ruzanna Məmmədova, dünya ikincisi:
“Yarış çox güclü keçdi. Asiya ölkələri də dünya çempionatında iştirak edir deyə daha çətin keçir. Güclü rəqiblərə qalib gələrək finala yüksəldim. Finalda ilk hissə də hər şey yaxşı idi. 6:0 öndə idim. Sonra ikinci hissə də çox yoruldum. Dözümlülüyüm çatmadı deyə 6:6 geri düşdüm və son xal prinsipinə əsasən məğlub oldum. Düzdü, nəticə məni qane eləmir. Ora qızıl üçün getmişdim. Amma buna da şükür. İnşallah, gələn il qızılla qayıdacam. Əsas hədəf olimpiadadır. Ümid edirəm ki, ora lisenziya qazanıb, ölkəmi layiqincə təmsil edərəm. Sadəcə bu yarışlar məni ora aparan yoldur. Ümid edirəm ki, U23 Dünya çempionatında da istədiyim kimi çıxış edərəm”.
Günay Qurbanova, dünya üçüncüsü:
“Hədəfim dünya çempionluğu idi. Yarımfinalda arxayınlıq oldu. Özümü finalda görürdüm. Amma belə alındı. Ruhdan düşmürəm. Bu mənə dərs oldu ki, heç bir güləşçiylə görüşdə arxayınlaşmayım. Gələn ay böyüklər arasında dünya çempionatında güləşəcəyəm. Həyəcanlanmıram. Böyük motivasiya ilə bu yarışa hazırlaşacağam”.