Xaçmaz şəhərində yerləşən "Əhməd" İdman Klubunda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində kikboksinq idman növü üzrə kütləvi tədbir keçirilmişdir.

Rekord.az xəbər verir ki, Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun müdiri yeniyetmə kikboksinqçilərə yarışlarda uğurlu nəticələr əldə etmələri üçün hər cür şərait yaradıldığını qeyd etmiş və onlara gələcək yarışlarda müvəffəqiyyətlər diləmişdir.

Sonra məşqçi-müəllim Çingiz Süleymanovun rəhbərliyi ilə idmançılar müxtəlif təmrinləri yerinə yetirmişdir. Çingiz Süleymanov ayrı-ayrı fəndlərin texnikasını nümayiş etdirmiş, daha sonra idmançılar cütlüklərə bölünərək qüvvələrini sınamışlar.

Nümunəvi çıxışların keçirilməsində məqsəd kikboksinq idman növünün yeniyetmə və gənclər arasında populyarlığının artırılması, onların asudə vaxtının səmərəli keçirilməsinə nail olmaqdır.

Tədbirdə 19 nəfər kikboksçu iştirak etmişdir.