
“Ümid edirəm ki, dünya çempionatında tilsimi qıracağam”
- 15:40
- 33
Rekord.az qadın güləşi üzrə U20 Avropa çempionu Ruzanna Məmmədovanın (62 kq) müsahibəsini təqdim edir:
– Dünya çempionatına hazırlıq necə gedir? Özünü yarışa nə qədər hazır hiss edirsən?
– Dünya çempionatına hazırlıq yaxşı gedir. Artıq təlim-məşq toplantısının ikinci həftəsindəyik. İndi daha yüngül məşq edirik. Çünki yarışa az qalıb. Özümü yaxşı hiss edirəm. Nə qədər hazır olduğumu yarış göstərəcək.
– Son vaxtlar zədələr sənə yarışlarda mane olur. Bu dəfə belə problem yoxdur ki?
– Problem həmişə var. Dizlərimdə ağır zədə var. İnşallah, yarışlardan sonra əməliyyat olunmağı fikirləşirəm. Hələ ki, bu ağrıya dözərək, məşqə davam edirəm.
– Üç il əvvəl U17 Avropa və dünya çempionu olmuşdun. Bu il eyni nəticəni U20-də təkrarlaya bilərsən. Səncə alınacaq? Bunun üçün nə lazımdır?
– İnşallah ki, alınar. Alınmağını istəyirəm. Bilirsiz ki, son dünya medalım elə 2022-ci ildəki dünya çempionluğum olmuşdu. Ondan sonra nədənsə dünya çempionatlarında nəticə qazana bilməmişəm. Ümid edirəm ki, bu dəfə tilsimi qıracağam. Bunu çox istəyirəm.
– Dünya çempionluğu yolunda əsas rəqiblərin hansı güləşçilər olacaq?
– Bilirsiz ki, Dünya çempionatı çox çətin keçir. Asiya və Amerika qitəsindən güclü güləşçilər var. Avropadan isə rus rəqibimi qeyd edə bilərəm. Olduqca çətin yarış kəçəcək. İnşallah, öhdəsindən gələcəyik.
– Əsas rəqib saydığın güləşçilərin görüşlərini izləyib, zəif-güclü tərəflərini təhlil edirsən?
– Əlbəttə, baxıram. Hər yarışdan qabaq Dünya Güləş Birliyinin saytını gözdən keçirirəm. Əsas rəqib gördüyüm və ya kimlə qarşı-qarşıya gəlmə ehtimalım varsa, hamısının keçirdiyi görüşlərə bir-bir baxıram.
– Gələcəkdə özünü yuxarı çəkidə sınamaq fikrin var, yoxsa 62 kq-da davam etmək istəyirsən?
– Çəki baxımdan konkret bir şey deyə bilməyəcəyəm. Çünki bəzən müəyyən səbəblərə görə çəkim artır. Eyni qalmır. Karyerama 62, 65 və ya 68 kq-da davam edə bilərəm. Bu, gələcəkdə hansı fiziki durumda olmağımdan asılıdır.
– Daha güclü olmaq üçün hansı keyfiyyətlərini inkişaf etdirməyə çalışırsan?
– Daha çox funksional hazırlıq və dözümlülük üzərində çalışıram.