
Turan Daşdəmirov dünya çempionatının finalında!
- 22 Avq 2025 22:00
- 33
Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, yarışın altıncı günündə 4 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.
Turan Daşdəmirov (55 kq) hindistanlı Anil Mora xalların keyfiyyətinə görə (9:9), ukraynalı Nazariy Babinskiyə isə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. Güləşçimiz yarımfinalda yaponiyalı Daisuke Morişita heç bir şans tanımayıb – 10:2. Turan finalda iranlı Payam Balutakiylə güləşəcək.
Fəraim Mustafayev (67 kq) ermənistanlı Narek Qriqoryana 3:1, ukraynalı Vladislav Pokotiloya 4:3 və türkiyəli Abdullah Keskinə 7:2 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. Milli üzvü finalın bir addımlığında rusiyalı Erzu Zakriyevə (7:14) məğlub olduğu üçün sabah bürünc medal uğrunda güləşəcək.
Seymur Qasımov (72 kq) təsnifat mərhələsində ermənistanlı Gaspar Terteryana 2:6 hesabıyla uduzub. Rəqib finaladək irəlilədiyi üçün Qasımov təsəlliverici görüşdə iştirak hüququ qazanıb.
İsmayıl Rzayev (97 kq) koreyalı Jaeno Çoini tam üstünlüklə (10:0) və ermənistanlı Qrişa Voskanyanı isə ilk xal prinsipinə əsasən (1:1) mübarizədən kənarlaşdırıb. Güləşçimiz 1/4 finalda rusiyalı İlya Komarova 3:5 hesabıyla məğlub olub.