Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Səmədova Rusiya kuboku uğrunda yarışla vidalaşıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Leninqradka" yarım final mərhələsinin 3-cü turunda Moskva "Dinamo"su ilə qarşılaşıb.

Görüş Sankt-Peterburq təmsilçisi üçün yaxşı başlayıb. Hücumçumuzun gözəl oyunu ilə "Leninqradka" ilk seti qalib başa vurub. Lakin paytaxt komandası bunun əvəzini tezliklə çıxıb və ümumi hesabı bərabərləşdirib. 3-cü hissənin başlanğıcında "Leninqradka" və Səmədova üçün xoş olmayan hadisə baş verib. Voleybolçumuz oyun epizodunda komanda yoldaşı Alina Kuznetsova ilə toqquşub. Topuğundan ciddi zədə alan Səmədova oyuna davam edə bilməyib. Əsas hücum silahı olmadan mübarizəyə davam edən "Leninqradka" kubokun son sahibi ilə bacarmayıb və növbəti iki seti də məğlub olub. 4 hissə davam edən matçda voleybolçumuzun komandası 1:3 (25:22, 14:25, 20:25, 13:25) hesabı ilə uduzub.

Bu məğlubiyyətlə komanda kubokun final mərhələsinə adlaya blməyib.