“Viktoriya” – “Qarabağ” matçı haqda dünən yazmağı düşünürdüm, amma daha bir gün müşahidə aparıb, gözümdən qaça biləcək detalları təfsilatı ilə görmək istədim. İki gündür fərqli müzakirələr gedir. Mən də şəxsi fikirlərimi yazacam. Ola bilsin oxuyanların bir qismi, bəlkə də böyük bir qismi razılaşmadı, amma bu da mənim fikirlərimdi. Real olaraq, nə düşünürəm, nə görürəm, onu yazıram. Kiməsə xoş gəlmək üçün, yaxud kimdənsə acıq çıxmaq üçün yazı yazmaqdan uzağam.

 

 

Fikir verirəm, müzakirələr zamanı müxtəlif fikirlər söylənilir, müxtəlif arqumentlər ortaya atılır. Təhqirin, kiminsə hissiyatına toxunulmasının qəti əlehinəyəm, bu, yolverilməzdi. Bir qrup baltanı götürüb ağına-bozuna baxmadan dibindən vurur. Belə də olmaz. Bir qrup da var, onlar da yağ-bal götürüb sığallayır. Nə olur olsun, sığal çəkir, malalayır. Bu da olmaz. Orta bir mövqe tapıb olanı olduğu kimi demək lazımdır. Bəli, bəribaşdan mən də deyirəm ki, “Qarabağ” və Qurban Qurbanov Azərbaycan üçün bir dəyərdi. Qurbanov bu komandanı çoxdan Azərbaycan hüdudlarından 2-3 baş yuxarı aşırıb. Bu komanda, bu şəxs bütün ölkənin qürurudur və bu qüruru bizlərə yaşatdıqları üçün bir daha təşəkkürlər! Avropa Liqasının qrupu bu ölkənin futbol səviyyəsi ilə müqayisədə çox-çox üstün bir uğurdu!

 

 

Amma bu, o demək deyil ki, “Qarabağ”, Qurban Qurbanov toxunulmazdı, onlar haqda tənqidi fikir səsləndirmək olmaz. Bu gün “Barselona”, “Bavariya”, “Real” və s. kimi dünya futbolunun nəhəngləri də tənqid olunur. Sağlam tənqid olmayan yerdə heç bir inkişafdan danışmaq olmaz. Yox, əgər biz hər oyundan sonra uddu-uduzdu, “Qarabağ”ı tərifləyəcəyiksə, o zaman, ümumiyyətlə, işləməyək. Nə oyuna gedək, nə oyunu izləyək, nə reportaj yazaq, nə mətbuat konfransına girək, nə də sual verək. Elə hər oyundan sonra “Qarabağ”ın şəklini bütün saytların manşetinə vuraq, altından da yazaq ki, “Sən bizin üçün əbədi qalibsən”, “Hər şey üçün təşəkkür”, “Uduzmusan, canın sağ olsun” və s. bitsin getsin. Bir də qəribə bir tezis yaranıb: 8 komandalı çempionatdan çıxan komandadan nə tələb edirsiniz? Bu çempionatdan bura qədər gəlibsə, halaldı “Qarabağ”a. Çox göylə getməyin, 8 komanadalı çempionata geri dönün filan. Mənə görə, pafoslu yanaşmalardı. Hansı çempionatdan çıxırsan çıx, əgər hansısa turnirdə əlinə gözəl şans düşübsə, bundan istifadə etməlisən. Təsəvvür edin, Braziliya ilə oynayırsan son qrup matçıdır, 90 dəqiqə 0:0 gedir və birdən hakim Braziliyanın qapıısına penalti təyin edir. Sən də gəlib penaltini vurursan çölə, sonra da tənqid edənlərə cavab verirsən ki, birdən-ikiyə Braziliya udmusunuz ki, gedin 0:0-a şükür edin. Bu indi məntiqdi? Sən vəsiqəni öz əlinlə ver rəqibə ki, sən get, mən getmirəm, bağışlayın məni, mən bu cür yenilgiyə haqq qazandıra bilmərəm. Yoxsa biz də bilirik ki, Azərbaycan futbolunun hazırkı durumunda hansısa komandamızın Konfrans Liqasının qrupuna düşməsi də böyük uğurdu.

 

 

Gəlim əsas mövzu olan Şahruddinə. Səhv edən futbolçuya dəstək olmaq,ona sahib çıxmaq gözəl şeydi. İstər rəhbərlik olsun, istər baş məşqçi, istərsə də azarkeşlər. Amma bu, səhv yox, hoqqadırsa və üstəlik, neçənci dəfə təkrarlanırsa, pafosa yüklənib kiminsə başına sığal çəkən deyiləm. Yazırlar ki, filan qurtarışları edəndə yaxşı idi, indi pis oldu? Yaxud, filan oyunda filan qolu çıxardı. Başa düşmürəm, bu adamın işi, vəzifəsi nədir ki? İşi, vəzifəsi nədir,onu edir də. Durub ayağınıın altına qızıldan xalı sərməliyik? Kamran Ağayev Azərbaycan futbolu üçün Şahruddindən qat-qat çox xidmət göstərib, dizində plastik qapaq ola-ola iynə vurdurub oyunlara çıxıb, neçə-neçə 100 faizlik toplar çxardıb, amma yazıq hansısa oyunda bir səhv edəndə az qala tutub asalar. Rəşad Sadıqova bir səhvə görə deyilməyən qalmadı. Amma Şahı baş tacı edənlər var. Əziyyət çəkib, futbol oynayıb, çəkdiyi əziyyətin 10 qatını qazanıb. Rusiyada heç kimin tanımadığı, II divizion səviyyəsində qapıçı idi. Bəlkə də daha aşağı. İlk dəfə Azərbaycana Qusar “Şahdağ”na gəlib. Çoxları bunu bilmir, Kamran Əlibabayev Moskvada “Şahdağ” üçün ucuz qiymətə futbolçu axtaranda deyiblər ki, belə bir qapıçı da var, aparıb yoxlaya bilərsən. “Şahdağ”da 200-300 manat maaşa oynayırdı. Sonra gözlənilmədən “Sumqayıt”a keçdi, “Sumqayıt”dan da “Qarabağ”a. Deyilənə görə, güclü dəstəyi var. Sağlığına qismət, Azərbaycan reallığında qəşəng də pul qazanır. Hansı ki, Rusiyada qalsaydı bu pulu heç ömrünün sonuna kimi qazana bilməzdi. Hətta 3-cü qapıçı olanda belə, “Qarabağ”dan getməsi müzakirə belə olunmurdu. Paralel olaraq, milliyədə çağırılır, ordan da qazanır. Amma bu qədər qazancın qabağında nə himnimizi öyrənib, nə də dilimizi. Bu gün elədiyi səhvləri “Şahdağ”da da edib, “Sumqayıt”da da, indi də “Qarabağ”da edir. Hansısa gənc azərbaycanlı qapıçı bunu etsə çoxdan silmişdik. Adam “Omoniya” ilə oyudan hələ də dərs çıxarmayıb. 28-29 yaşlı normal futbol düşüncəsinə malik hansı qapıçı qabağında o qədər “talpa” ola-ola qapını qoyub 12-13 metr irəli şığıyıb komandasını Çempionlar Liqasının qrupundan məhrum edər? Həm bütün komandanın, baş məşqçinin əziyyətini yerə vurur, həm də minlərlə azarkeşə əsəb, stress yaşadır. Heç bir futbolçuya bu ixtiyar verilməyib. Hələ çıxıb üzr də istəməyib. Yenə deyirəm, məsələ səhvdən də getmir. Ola bilərdi çıxmalı epizodda çıxardı, amma topu qaytara bilməzdi qol olardı, biz də deyərdik ki, kömək etmək istədi, bacarmadı. Amma bu epizodda qapıçının qapını tərk edib çıxmasına heç bir ehtiyac yox idi. Əgər sən bunu edirsənsə, deməli ya bilərəkdən belə edirsən, ya da hoqqa çıxardırsan. Hər bir halda bu hoqqanın cəzası olmalıdır. Sovet vaxtı MOİK-də, “Dinamo”da belə səhvi edən qapıçının fəxri adını əlindən alıb “ştrafnoy”a göndərirdilər, özünə də dəmir qabda soyuq su ilə quru çörək verərdilər. Şaha isə cəza olmayacaq və Qurban Qurbanov yenə qapıya onu qoyacaq. Amma unutmaq olmaz ki, “Şah” qanun yox, qanun şah olmalıdır. Adamın səhvi varsa, cəzasını çəkməlidir. İctimai qınaq da öz yerində. Nazim Süleymanov “Alaniya”ya çempionluq qazandırmış adam idi. Amma növbəti mövsüm “Qızıl oyun”un son dəqiqəsində ayağının boşa çıxmasını ona bağışlamadılar. Halbuki “Alaniya”nı “Qızıl oyun”a daşıyan da Nazimin qolları olmuşdu. Roberto Baco İtaliya futbolunun əfsanəsidir. 1994-cü il finalında qaçırdığı penaltini ona da bağışlamadılar. Hansı ki, İtaliya millisini finala məhz Baconun qolları daşımışdı. 1/8 Nigeriya, ¼ İspaniya, yarımfinal Boqlarıstan, açın “yutub”a baxın. Peşəkar futbolun qanunları başqa şeyləri diqtə edir, cənablar. Bundan daha zəif səhv edən azərbaycanlı Emil Balayev bağışlanmır, amma kobud səhvləri sıralayan rusiyalıya gözün üstə qaşın var deyilmir, əksinə, “baş tacı” edilir. Bu cür yanaşmanı heç vaxt qəbul etməmişəm və etməyəcəm də.

 

Anar XANLAROV