AFFA-nın sabiq hüquqşünası Səyyad Yusifli sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

Rekord.az xəbər verir ki, o, Azərbaycanda futbolun inkişaf etməməsinin səbəblərini açıqlayıb.

Həmin paylaşımı diqqətinizə çatdırırıq:"2 ay Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının hüquqşünası kimi çalışmışam. Bu müddətdə ictimaiyyətə maraqlı olan sualların bəzilərinə özüm üçün müəyyən cavablar tapa bilmişəm. Prosesin içində olanda həmişə eşitdiyin məsələlər həm daha fərqli, həm də daha aydın görünür. 

Qeyd edəcəyim məsələləri birbaşa və ya dolayı yolla qaldırmağa cəhd eləmişəm, alınmayıb. Qoy indi futbol azarkeşləri tələb eləsinlər. 

Aşağıdakı problemlərə görə ölkədə futbolun inkişaf etməsi ən azı indiki halda mümkün deyil: 

1) Formal müqavilə bağlamaq praktikası var. Tutalım, hansısa adama pul vermək lazımdır, birbaşa da vermək olmur, o zaman həmin adamla formal müqavilə bağlanılır və pul müqavilə ödənişi formasında verilir. Şərtləri oxuyursan, başa düşə bilmirsən ki, bu adam nə işlə məşğul olur. Ya da hansısa əməkdaş əməkhaqqının artırılmasını istəyəndə onunla formal xidmət müqaviləsi bağlanılıb aylıq əlavə 1.500 manat pul verilir və s.; 

2)  AFFA-nın maliyyə fəaliyyətinin yoxlanılmasından məsul qurum olan Yoxlama və Təftiş Komitəsinin sədri həm də AFFA-nın baş mühasibi vəzifəsində çalışır. Eyni adam həm mühasibatlığın başında durur, həm də audit kimi maliyyə fəaliyyətini yoxlamalı olan komitənin sədridir. Bu cür maraq toqquşması ilə Yoxlama və Təftiş Komitəsi nə iş görə bilər, müəmmadır; 

3) Regionlarda futbol siyasətinin idarə edilməsi üçün elə şəxslər təyin edilir ki, bəzilərinin futbolla uzaqdan-yaxından əlaqəsi yoxdur. Məsələn, bu yaxınlarda "Keşlə" klubunun adının dəyişdirilərək "Şamaxı" klubu edilməsindən xəbəriniz olar. Klubun 6 idarə heyəti üzvündən 5-nin peşəsini sadalayıram: biri vəkildir, biri tibb mərkəzində direktor müavini, biri AFFA-da mühasibatlıqda çalışır, biri Şamaxıda maliyyə şöbəsinin müdiridir, biri də İctimai Televiziyada aparıcı (Orxan Fikrətoğlu); 

4) Hüquqtətbiqedici orqanlarda struktural problemlər var. Məsələn, Apelyasiya Arbitraj Tribunalında bir nəfər də olsun, hüquqşünas yoxdur (katib hüquqşünasdır, amma o, işin gedişinə təsir edə bilmir). Doğrudur, futbol spesifik sahə olduğundan bütün üzvlərin hüquqşünas olmasına ehtiyac yoxdur, amma ölkədə futbol siyasətini idarə edən qurumun ən yuxarı məhkəmə instansiyasında hüquqşünasın olmaması anormal haldır; 

5) Hüquqtətbiqedici orqanların üzvləri işləri aparan zaman şəxsi intriqaları ilə hərəkət edə bilirlər. Məsələn, Oyunçuların Statusu və Transferi Komitəsinin sədrinin hansısa klubun prezidenti ilə münasibətləri yaxşı olmadığından həmin kluba qarşı verilmiş şikayət tanış olmaq üçün kluba təqdim edilmir, Apelyasiya Arbitraj Tribunalının sədrinin isə klubun prezidenti ilə münasibətləri yaxşı olduğundan klubun apelyasiya şikayəti təmin edilir və s.