Qubada yenilənmiş güləş zalı istifadəyə verilib
- 20:00
- 31
Qubada fəaliyyət göstərən Şahdağ Güləş Klubunun yunan-Roma güləşi üzrə məşqlərin keçirildiyi idman zalı əsaslı təmir olunaraq yenidən istifadəyə verilib.
Rekord.az Azərbaycan Güləş Federasiyasına (AGF) istinadən xəbər verir ki, AGF tərəfindən kluba müasir güləş xalçası hədiyyə edilib.
Bununla əlaqədar yenilənmiş zala baxış keçirilib.
Baxışda Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri, olimpiya çempionları Namiq Abdullayev və Fərid Mansurov, federasiyanın baş katibi Pərvin Piriyev, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Şahin İsrafilov, İcra Hakimiyyətinin sektor müdiri Anar Məmmədov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova iştirak ediblər.
Şahdağ Güləş Klubunun yunan-Roma güləşi üzrə məşqçisi Musa Mirzəyev qonaqları zalda yaradılan şəraitlə tanış edib, idmançıların hazırlıq prosesi və klubun fəaliyyəti barədə ətraflı məlumat verib.
Görüş zamanı Qubada güləş ənənələrinin daha da inkişaf etdirilməsi, yunan-Roma güləşi ilə yanaşı, sərbəst və qadın güləşi bölmələrinin də fəaliyyətə başlaması istiqamətində görüləcək işlər müzakirə olunub.
Yenilənmiş zalın gənc güləşçilərin hazırlıq səviyyəsinin yüksəldilməsinə, bölgədə güləşin kütləviliyinin artırılmasına və perspektivli idmançıların yetişdirilməsinə mühüm töhfə verəcəyi bildirilib.