
Qənizadə 3-cü dəfə DÇ-nin finalında!
- 19 Sen 2025 22:52
- 42
Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə daha 3 çəkidə mübarizəyə start verilib.
Nihat Məmmədli (60 kq) əlcəzairli Abdelkarim Ferqata tam üstünlüklə (8:0) qalib gəlsə də, 1/4 finalda özbəkistanlı Alişer Qaniyevə 4:8 hesabıyla məğlub olub. Bu görüşdə ciddi zədələnən güləşçimiz yarışdan çəkilib.
Ülvü Qənizadə (72 kq) 1/8 finalda əlcəzairli Abdelmalek Merabetə (6:0), 1/4 finalda isə Cənubi Koreya güləşçisi Yeonqhun Noha (8:3) qalib gəlib. Həmyerlimiz yarımfinalda isə özbəkistanlı Abdulla Aliyevə şans tanımayıb – 5:0. Üçüncü dəfə dünya çempionatının finalına yüksələn Ülvü həlledici qarşılaşmada fransalı İbrahim Qanemlə üz-üzə gələcək.
Murad Əhmədiyev debütdə italiyalı Nikoloz Kaxelaşvilidən (4:1), 1/8 finalda qırğızıstanlı olimpiya mükafatçısı Uzur Cuzupbekovdan (5:1) güclü olub. Güləşçimiz 1/4 finalda ermənistanlı olimpiya, 4 qat dünya və 7 qat Avropa çempionu Artur Aleksanyanla qarşılaşıb. Titullu rəqibinə “tuş”la qalib gələn Murad yarımfinala yüksəlib. Əhmədiyev rusiyalı Artur Sarqsyana ilk xal prinsipinə əsasən (1:1) məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.