
Oyan Nəzəriani millinin əsas hədəfini açıqladı
- 17:27
- 40
Yunanıstanın Katerini şəhərində keçirilən dünya çempionatında 2 qızıl və 1 bürünc medal qazanan çimərlik güləşçilərimiz vətənə qayıdıb.
Rekord.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.
Oyan Nəzəriani, baş məşqçi:
“Oğlanlarda 4, qızlarda 2 çəkidə təmsil olunduq. Oğlanlarda komanda hesabında 3-cü, qızlarda isə 4-cü yeri tutduq. Əsas hədəfimiz gələn il keçiriləcək yeniyetmələrin Yay Olimpiya Oyunları olduğu üçün heyətimizi 15-16 yaşlı güləşçilərdən qurmuşduq. Məğlub olduğumuz rəqiblərin əksəriyyəti komandamızın üzvlərindən bir yaş böyük idi. Ümid edirik ki, hər bir idmançımız gələn il mötəbər yarışda yaxşı nəticələr qazanacaq. Gələn il əvvəlcə Avropa çempionatı keçiriləcək. Bu da Olimpiya Oyunları üçün bir sınaq rolunu oynayacaq. Ondan sonra sırf Olimpiadaya hazırlaşacağıq. Qeyd etmək istəyirəm ki, komandamızın vətənə dönüşü Anım Gününə təsadüf etdi. Medallarımızı şəhid ailələrinə həsr edirik”.
Ülviyyə Musayeva, dünya çempionu:
“Bu nəticəni gözləyirdim. U17 Avropa çempionatında medal qazanmaq qismət olmadı. Şükür Allaha, bu yarışda arzuma çatdım. Finalda erkən qələbə qazanacağımı düşünməmişdim. Amma qələbə qazanacağıma inanırdım. Qələbəmi şəhidlərimizə həsr edirəm. Onlara Allahdan rəhmət diləyirəm. Növbəti hədəfim gələn il Olimpiadada medal qazanmaqdır”.
Nihad Süleymanlı, dünya çempionu:
“Bu yarışa baş məşqçimizin nəzarəti altında çox yaxşı hazırlaşmışdıq. 6 görüş keçirdim. Rəqiblərimə xal vermədən dünya çempionu oldum. Şəxsi məşqçim Əlisa Abbasova təşəkkürümü bildirirəm. Qələbəmi şəhidlərimizə həsr edirəm. Gələn il Bakıda keçiriləcək U17 dünya çempionatında və Yeniyetmələrin Yay Olimpiya Oyunlarında da qızıl medal qazanmağa çalışacağam”.
Elgün Kərimli, dünya üçüncüsü:
“Yarış çox yaxşı keçdi. İlk dəfə U17 yaş qrupunda çıxış etdim. Şükürlər olsun, medalsız qalmadım. Çempion da ola bilərdim. Beş rəqiblə qarşılaşdım. Yorucu idi. Çempion olmağa bir qədər dözümlülük çatmadı. Növbəti il bu bürüncü qızılla əvəzləməyə çalışacağam”.